Marinovka yaxınlığında döyüşlərdə Ukraynanın hökumət qüvvələri yaraqlıların 4 hücumunu dəf edib və düşmənin hərbi texnikasını məhv ediblər.
Oxu.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə öz səhifəsində Hərbi-siyasi tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk yazıb.
“Dünəndən bəri Marinovka yxınlığında gedən döyüşlər səngimək bilmir. Ukrayna hərbçiləri düşmənin 4 həmləsini dəf edib. Yaraqlılar 5 tank və bir neçə zirehli transportyor (ZTR) ilə hücum etmişdilər. Cavab atəşi nəticəsində ATƏ (Anti-terror əməliyyatı) qüvvələri 3 tank və 2 ZTR məhv ediblər. Bundan başqa yaraqlıları döyüş yerinə çatdıran 3 avtomobil də məhv edilib. Hər iki tərəfin itkiləri barədə məlumat dəqiqləşdirilir”, - ekspert yazıb.
Səhər yaraqlılar Marinovka yaxınlığında Milli qvardiya qüvvələrinə irimiqyaslı hücumlar ediblər, döyüşlər davam edir. Bundan başqa yaraqlılar Luqansk yaxınlığında Metallist qəsəbəsi ətrafında ATƏ qüvvələrinin blok-postunu atəşə tutublar. Atəş minaatanlardan aparılıb.
Tımçukun məlumatına görə hərbçilər arasından itki yoxdur. Yaraqlılar Luqansk aeroportu ərazisində ATƏ qüvvələrinin mövqelərini tanklardan atəşə tutublar.