ABŞ esminesi Çinin materik hissəsini və Tayvan adasını ayıran Tayvan boğazından keçib.
Bu barədə ABŞ Yeddinci Donanmasının mətbuat xidmətinin məlumatında deyilir:
“Arleigh Burke” sinifli raket esminesi “USS Milius” noyabrın 23-də (yerli vaxtla) beynəlxalq hüquqa uyğun olaraq, müntəzəm qaydada Tayvan boğazında beynəlxalq sulardan keçib. Bu, ABŞ-ın azad və açıq Hind-Sakit okean regionuna sadiqliyini nümayiş etdirir”.
ABŞ-ın Yeddinci Donanması vurğulayır: “ABŞ ordusu beynəlxalq qanunların icazə verdiyi yerdə uçmağa, üzməyə və fəaliyyət göstərməyə davam edəcək”.
Müşahidəçilərin fikrincə, son aylar boğazda ABŞ gəmilərinin sayı daha da artıb. Bu cür addımlar Vaşinqton və Pekin arasında gərginliyin artması riskini daşıyır. Çinin materik hakimiyyəti Tayvanı öz ərazilərinin ayrılmaz hissəsi hesab edir və ABŞ-ın bölgədəki hər hansı hərbi mövcudluğundan ehtiyatlanır.
Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsib və Çinlə diplomatik əlaqələr qurub. Vaşinqton “vahid Çin” siyasətini tanımaqla yanaşı, Taypey administrasiyası ilə əlaqələri davam etdirir və adanı silahla təmin edir ki, bu da materikdə etirazlara səbəb olur.
Mənbə: TASS