Almaniyalı xaker qrupu AFR kansleri Anqela Merkeli məhkəməyə verib.
Oxu.Az-ın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, fevral ayının 3-də iddianın təşəbbüskarı qismində çıxış edən Chaos Computer Club (CCC) adlı qeyri-kommersiya təşkilatının rəsmi saytında bu məsələ ilə bağlı məlumat yerləşdirilib. Xakerlər Merkel və onun rəhbərlik etdiyi hökuməti internet istifadəçilərinə məxsus məlumatların məxfililiyinin pozulmasında günahlandırırlar.
Təşkilat nümayəndələri tərəfindən təqdim olunmuş press-relizdə vurğulanır ki, Merkel, onun təyin etdiyi nazirlər və ona tabe olan kəşfiyyat qurumları Almaniya vətəndaşlarının sosial şəbəkələrdəki yazışmalarını izləməkdə ABŞ-ın xüsusi xidmət orqanlarına köməklik göstəriblər.
Təşkilat nümayəndələrinin sözlərinə görə, AFR rəhbərliyi qanunsuz nəzarətin qarşısını almaq üçün hər hansı qoruyucu tədbir həyata keçirməməklə yanaşı, eyni zamanda amerikalılar tərəfindən sosial şəbəkə istifadəçilərinin hüquqlarının pozulmasına şərait yaradıb.
“Bu iddia ilə çıxış etməkdə əsas məqsədimiz AFR-in baş prokurorluğu tərəfindən hökumət fəaliyyətinin araşdırılmasına nail olmaqdır”, - təşkilat nümayəndələri qeyd edib.
AFR-in mətbuat katibi Şteffen Zaybert “Associated Press” agentliyinin bu məsələni şərh etmək xahişinə cavab olaraq bildirib ki, Almaniyada hər bir insan məhkəmə iddiası ilə çıxış etmək hüququna malikdir.
Almaniyada yerli və amerikalı xüsusi xidmət orqanları tərəfindən internet istifadəçilərinin yazışmalarının izlənməsinə dair söhbətlərin uzun müddət davam etməsi bu barədə məhkəmə iddiasının olduğu faktını ictimaiyyətə çatdırıb. Yazışmaların izlənməsi gerçəkliyi 2013-cü ilin yay aylarında ortaya çıxıb. Bu barədə ilk dəfə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden danışıb.
Milli Təhlükəsizlik Agentliyi tərəfindən Merkelin telefon danışıqlarının dinlənməsinə dair xəbərin mətbuatda yer alması ABŞ və onun Avropada ən əhəmiyyətli xarici siyasət tərəfdaşlarından biri hesab olunan ölkə arasında münasibətlərin pozulmasına gətirib çıxarıb.
Yanvar ayının ortasında ABŞ prezidenti Barak Obama Milli Təhlükəsizlik Agentliyində islahat aparacağını və ABŞ-la dostluq münasibətlərinə malik ölkələrin liderlərinin təqib olunmasını qadağan edəcəyini vəd edib.