Ukraynanın Xarkov vilayətində xüsusi əməliyyat nəticəsində “İsxod” adlı Rusiyayönümlü separatçı təşkilatın fəaliyyətinə son qoyulub, bu barədə daxili işlər naziri Arsen Avakov bildirib.
“Xüsusi əməliyyat milisin operativ dəstələri və Ukrayna Təhlükəsizlik Xidmətinin regional idarəsinin qüvvələri hesabına keçirilib. “İsxod” adlanan ictimai təşkilatın fəaliyyətinə son qoyulub”, - Avakov Facebook səhifəsində yazıb.
Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, onun sözlərinə görə, “İsxod”un ofisində aparılan axtarış zamanı Ukrayna əleyhinə təbliğat materialları aşkarlanıb.
“Bu təşkilat bir ay əvvəl özünü internet şəbəkəsində tanıdıb. Fəaliyyətinin ilk günündən onun üzvləri dinc Xarkov regionunda təxribatçılıq fəaliyyəti həyata keçirmək niyyətlərini gizlətməyiblər”, - Avakov vurğulayıb.
O həmçinin “İsxod”un lideri Oleq Novikovun saxlanıldığını da bildirib.
“Mən və digər xarkovlular Xarkovun “Rus Xalq Respublikaları” tərəfindən işğal olunmuş və boşalmış şəhərlərdən birinə çevrilməsini istəmirik. Ona görə də cənab Novikov, biz buna yol verməyəcəyik”, - Avakov yazıb.
O, xüsusi əməliyyatın tam olaraq başa çatmadığını bildirib.
Daha öncə məlumat verildiyi kimi, çərşənbə axşamı UİB (Ukrayna İstintaq Bürosu) rəhbərinin katibi Markiyan Lubkivski Facebook səhifəsində Xarkovda antiterror çərçivəsində xüsusi əməliyyatların başlandığnı və ilk saxlamaların olduğunu bildirmişdi.