Ölkə prezidenti Obamaya zəng vurub.
Oxu.Az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, “Agence France-Presse”-in xəbərində deyilir ki, Yəmənin paytaxtı Sana şəhərində şiə üsyançılarla sünni tayfalar arasında gedən döyüşlərdə 20 nəfər öldürülüb. Bu barədə agentliyə Yəmənin rəsmi şəxsləri məlumat verib.
Ölənlərin 12 nəfəri şiə, 8 nəfəri isə sünnidir. Döyüşlər sünnilərin çoxluqda olduğu İbb şəhərinə şiələrin nəzarəti ələ keçirmək cəhdindən sonra şiddətlənib.
Şahidlər bildiriblər ki, şəhərdə ağır döyüşlər gedir və hər tərəfdən havaya yüksələn partlayış dumanı aydın görünür. Döyüşlər zamanı ağır texnikadan da istifadə olunur.
Şiələrin yaxınlaşmasından narahat olan 100 nəfərə yaxın sünni bir gün əvvəl silahlanaraq şəhər hökumətinin yerləşdiyi binanın qarşısına yığışıblar. Onlar şiələrin şəhərdən uzaqlaşmasını tələb ediblər.
Yerli “Saba” agentliyinə açıqlama verən İbb valisi Yəhya al-İryani deyib ki, şəhər məzhəb savaşına meydan olub. O, xəbərdarlıq edib ki, əgər silahlılar şəhərdən çıxmasa ölkə prezidenti Abd Rabbuh Mansur al Hadiyə sadiq hərbi qüvvələr şəhəri silahlılardan təmizləmək üçün hərbi əməliyyatlara başlayacaq.
Agentlik qeyd edir ki, şiə üsyançılar Yəmənin bir sıra şəhərlərini, o cümlədən paytaxt Sananı ələ keçirsə də, indiyə kimi onlara müqavimət göstərilməyib.
Şiə üsyançılarının qarşısına “əl-Qaidə” terror təşkilatından başqa çıxan bir qüvvə yoxdur.
Agentlik qeyd edir ki, şiə üsyançılara məxsus hərbi texnikanın üzərində İrana məxsus şüarlar yazılıb: “”Amerkaya ölüm! İsrailə ölüm!”
Yəmənin hakim dairələri İran İslam Respublikasını və "Hizbullah" təşkilatını şiə üsyançılara hərbi dəstək verməkdə ittiham edir.
Sentyabrın 21-dən paytaxt Sanaya nəzarət edən üsyançılar Qırmızı dənizin bir sıra liman şəhərlərini də ələ keçiriblər.
Agentlik bildirir ki, Yəmən prezidenti yaranmış gərgin vəziyyətlə bağlı ABŞ prezidenti Barak Obama ilə telefon danışığı aparıb.