Yəmənin paytaxtı Sanada partlayıcı quraşdırılmış avtomobilin partlaması nəticəsində xəsarət alanların sayı 50 nəfərə çatıb.
Oxu.Az-ın xarici mətbuata istinadən verdiyi məlumata əsasən, polis akademiyası qarşısında partlayış zamanı çoxlu insan olub, belə ki, kollecdə imtahan keçirilirdi.
Öncə Sanada polis kollecinin binası yaxınlığında 15 nəfərin həlak olması barədə məlumat verilmişdi. İnsident zamanı terrorçu partlayıcı quraşdırılmış mikroavtobusu partladıb və nəticədə onlarla isnan xəsarət alıb.
10:51
Yəmənin paytaxtı Sanada polis kollecinin yaxınlığında partlayıcı quraşdırılmış avtomobil partlayıb.
Oxu.Az xəbər verir ki, Associated Press-in məlumatına görə, hadisə nəticəsində ən azı 15 nəfər həlak olub, 40 nəfər isə zərər çəkib.
Partlayış çərşənbə günü yanvar ayının 7-də səhər baş verib. BBC News-un məlumatına görə, bu zaman təhsil müəssisəsində tələbələrin ən çox olan vaxtıdır. Reuters-in qeyd etdiyi kimi gurultu şəhərin bir çox rayonlarında eşidilib, bundan sonra kollecin üzərində böyük tüstü sütunu əmələ gəlib.
Hadisə yerinə bir neçə təcili yardım avtomobili gəlib. Tibb işçiləri zərərçəkənləri yaxınlıqdakı xəstəxanalara yerləşdiriblər.