Yəmənin vitse-prezidenti Xalid Bahah ölkənin cənubunda Aden şəhərində iqamətgahın atəşə tutulması nəticəsində zərər çəkməyib, Sky News Arabia telekanalı bildirib.
Oxu.Az xəbər verir ki, daha öncə hakimiyyətin müvəqqəti yerləşdiyi “Əl-Qəsr” otelinin qumbaraatanlardan atəşə tutulduğu bildirilmişdi.
Digər ərəbyönümlü telekanal “Əl Ərəbiyə”nin məlumatına əsasən binada yanğın baş verib. Bununla yanaşı rayonda bir neçə partlayış və atışma səsi eşidilib.
Mehmanxanaya gedən bütün yollar bağlanıb.
“Əl Ərəbiyə”nin verdiyi məlumata əsasən ölənlər var, amma onların sayı açıqlanmır. Eləcə də hücumu kimin həyata keçirdiyi bildirilmir.
Bu, Yəmən hakimiyyətinin rəhbərinin iqamətgahına ilk hücum deyil. Yanvarın 19-da husitlər ölkənin paytaxtı Sanada iqamətgahı mühasirəyə almış və kortejə atəş açmışdılar.
10:55
Yəmənin tanınmış hakimiyyətinin vitse-prezidentinin yaşadığı Adendəki otel qumbaraatandan atəşə tutulub, “Əl Ərəbiyə” telekanalı Twitter-də bildirib.
Oxu.Az xəbər verir ki, zərərçəkənlər haqqında heç bir məlumat yoxdur. Hücum zamanı vitse-prezidentin oteldə olub-olmaması da məlum deyil.
Reuters-in məlumatına əsasən, husitlərin ölkədən qovulduğu və hakimiyyətin geri qayıtdığı dövrdən bəri “Əl-Qəsr” oteli hakimiyyətin bazasına çevrilib.
Baş nazir və nazirlər Yəmənə Səudiyyə Ərəbistanından sentyabrın ortasında qayıdıblar. Bir neçə gündən sonra prezident Abed Rabbo Mansur Hadidə onlara qoşulub.