Sen
2018
12:59
74
40
7761
Virtual karabakh

Lirə və rublu nə gözləyir? - ŞƏRH

3 Sen, 2018
12:59
7761

Lirə və rublu nə gözləyir? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son iki ayda Azərbaycanın ticarət tərəfdaşlarında - Türkiyə və Rusiyada milli valyutalar dollara nisbətdə ucuzlaşmaqdadır.  

Bu gün səhər saatlarına dollar lirəyə nisbətdə 1,97% möhkəmlənərək, 6.6495 lirə təşkil edib. 

Rubl isə dollar qarşısındakı dünənki itkidən sonra bu gün mövqeyini bir qədər bərpa edib. Dollar/rubl nisbəti 68.04 rubla bərabər olub. 

Nəzərə alsaq ki, ABŞ-ın hər iki ölkəyə qarşı iqtisadi həmləsi davam edir, istər Rusiya, istərsə də Türkiyənin milli valyutalarının bundan sonrakı taleyi sual doğurur.

İqtisadçı-ekspert Samir Əliyev Oxu.Az-a şərhində bildirib ki, bu gün Türkiyə iqtisadiyyatında baş verənlər həm də siyasi ritorika ilə bağlıdır:

“Türkiyədə problem təkcə iqtisadi vəziyyətlə bağlı deyil. Bu gün problem idarəetmədəki ritorika və yanaşmadadır. Yəni beynəlxalq təşkilatlarla əməkdaşlıqdan, maliyyə yardımı almaqdan imtina etmək arzuolunmazdır. Halbuki biz gördük ki, Yunanıstana kifayət qədər yardım etdilər.

Türkiyənin əsas iqtisadi tərəfdaşları Avropa ölkələri, ABŞ və s. dövlətlərdir. Əsas ticarət partnyorlarından üz döndərib Rusiyaya üz tutmaq çıxış yolu deyil. Çünki sanksiyalardan dolayı Rusiyanın özünün vəziyyəti də bir o qədər yaxşı deyil”.

Türkiyənin xarici borcunun sürətlə artdığını vurğulayan S.Əliyev qeyd edir ki, hazırda ölkənin  ümumi xarici borcu 466 milyard dolları ötüb və yaxın gələcəkdə 500 milyard dollara çatacaq:

“Bunun 325 milyard dolları özəl sektorun payına düşür. Özək sektorun payına düşən borcun təxminən 100 milyard dollara qədər olan hissəsi qısamüddətlidir. Xarici borcun 90%-dən çoxu dollar və avronun payına düşür. Lirənin ucuzlaşması həmin borcların qaytarılmasını çətinləşdirir. 

Ümumiyyətlə, hazırda xarici borcun ÜDM-də payı 53%-ə yaxındır. BVF-nin inkişaf etməkdə olan ölkələr üçün müəyyənləşdirdiyi hədd 40%-dir. Düzdür, Avropa Birliyi ölkələrinin Maastrixt sazişinin qaydalarına görə, ümumi daxili məhsulun 60 faizi kritik hədd sayılır. Ancaq Türkiyə üçün 40%-lik hədd qırmızı xətt olaraq götürülməlidir”.

S.Əliyev milli valyutanın məzənnəsinə birbaşa təsir göstərən tədiyyə balansının ürəkaçan vəziyyətdə olmadığını deyir: 

“2017-2018-ci ilin birinci yarısının cari hesablar balansını müqayisə etsək, görərik ki, (mal və xidmətlərin idxalı və ixracı, ilkin gəlir) mənfi saldo 21 milyard dollardan 31 milyard dollara yüksəlib. Hesabat dövründə qonşu ölkədə ixracın cəmi 5 faiz artımına qarşı idxalda artım 15 faiz olub. Yəni idxalın artım tempi ixracın artım tempini üstələyib.

Milli valyutanın məzənnəsinə olan təzyiqi qiymətləndirmək üçün həmişə tədiyyə balansının vəziyyəti təhlil edilir. Türkiyənin tədiyyə balansının vəziyyəti heç də ürəkaçan deyil. Tədiyyə balansındakı kəsir valyutanı təzyiq altında saxlayır. Bu baxımdan, türk lirəsinin ucuzlaşması təsadüfi deyil”.

Ekspert investisiyaların ölkədən çıxdığını, kapital axını baş verdiyini vurğulayır: 

“Türkiyə iqtisadiyyatının inkişafında qısamüddətli investisiyalar xüsusi rol oynayır. Həm birbaşa investisiyalarda, həm portfel investisiyalarında azalma var. Azalma turistlərin sayında, eləcə də, keyfiyyətində müşahidə edilir. Məsələn, Asiya ölkələrindən gələn turistlər artıb, Amerika və Avropa qitələrindən gələn turistlərin sayı isə azalıb”.

Türkiyə iqtisadiyyatında baş verən proseslərin Azərbaycan iqtisadiyyatına təsirlərinə toxunan S.Əliyev qed edir ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşıdır və Rusiya ilə birlikdə ən böyük idxalçıdır. Azərbaycanın idxalının 15 faizi Türkiyənin, 15 faizi isə Rusiyanın payına düşür.

O baxımdan, bu ölkələrin iqtisadiyyatında baş verən proseslər Azərbaycana təsir etməlidir:

“Azərbaycanda ixracın 95 faizə qədərini neft və neft məhsulları təşkil edir. İxracda bu məhsulların payı 50 faiz olsaydı, Rusiya və Türkiyədə baş verən proseslər Azərbaycana daha çox təsir göstərərdi. Milli valyutanın ucuzlaşmasını şərtləndirərdi. 

Hər iki ölkədə valyutaların ucuzlaşması, orada işləyən həmyerlilərimiz tərəfindən ölkəyə göndərişlərin azalmasına səbəb olacaq. Bu ölkələrdən idxal artacaq. Çünki istər Rusiya, istərsə də Türkiyədən gələn malların qiymətləri ucuzlaşacaq. O cümlədən turist kimi Rusiya və Türkiyəyə gedən həmyerlilərimizin alıcılıq qabiliyyəti artacaq.

Bu amil Türkiyədə, Rusiyada təhsil alan, müalicəyə gedən Azərbaycan vətəndaşlarının ödənişlərinə də müsbət təsir göstərir. Çünki lirə və rubl ilə manatın məzənnəsi birbaşa müəyyən olunmur. Manat hər iki valyutaya “cross” kursdur. 

Yəni əvvəl lirə ilə dolların məzənnəsi, sonra isə manatla dolların məzənnəsi müəyyən olunur. Onun əsasında lirə və manatın məzənnəsi tapılır. Deməli, dollar özünü necə aparırsa, manat da özünü elə aparır. Yəni dollar qalxdıqca, manat da yüksəlir”.

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, Türkiyə valyutasnın məzənnəsində yaranan volalitlik, eləcə də, dəyərsizləşmə iqtisadiyyatdan qaynaqlanmır: 

“Çünki Türkiyə iqtisadiyyatı son illər əhəmiyyətli dərəcədə borclanma şərtləri daxilində  böyüyürdü. Bunun üçün uyğun mühit var idi. Belə ki, iqtisadiyyat nisbətən liberal idi. Eyni zamanda, investisiya tutumlu idi. Sonrakı bir neçə ildə situasiya dəyişdi. 

Maliyyə institutları, hakimiyyətin ayrı-ayrı qolları öz hakimiyyətlərini itirməyə başladılar. Bütün bunlar iqtisadiyyata təsirini göstərdi. Xarici investisiyalar ölkədən qaçdı. Bu da Türkiyə üçün ciddi valyuta tələbi formalaşdırdı. Bəzi məlumatlara görə, qonşu dövlətin 120 milyard dollar xarici valyuta ehtiyacı var. 

Hökumətin nümayiş etdirdiyi mövqe nəticəsində Beynəlxalq Valyuta Fondu ilə hər hansı əməkdaşlığın olması ehtimalı da aşağıdır. Bu da növbəti dövrlərdə maliyyə bazarlarında narahatlığı daha da şərtləndirəcək. 

Türkiyə Mərkəzi Bankının özünün müstəqilliyi ilə bağlı yaranan risklər də investorları narahat edir. Hökumətin açıqlamaları Mərkəzi Bankın atdığı addımları kölgədə qoyur. Eyni zamanda,  iqtisadiyyatla bağlı inkişaf staregiyasında ciddi komponentlər əksini tapmadı”. 

Ekspertin fikrincə, bu gün Mərkəzi Bankın atdığı addımlar maliyyə bazarlarına qısamüddətli dövr üçün dəstək verə bilər. Lakin ortamüddətli və uzunmüddətli dövrdə türk lirəsi öz dəyərini itirməkdə davam edəcək: 

“Çünki ciddi struktur dəyişikliklər hiss edilmədiyindən növbəti aylar lirə üçün heç də uğurlu olmayacaq”.

Rusiya rublunun məzənnəsinin dollara nisbətdə necə dəyişəcəyinə gəlincə, R.Həsənov bildirir ki, burada vəziyyət bir qədər fərqlidir: 

“Türkiyədə tədiyyə balansında, ödəmə balansında kəskin kəsir var. Eləcə də, strateji valyuta ehtiyatları məhduddur. Mərkəzi Bankın rezervləri 70 milyarda qədər azalıb. Rusiyanın 420 milyard dollar dəyərində rezervləri var.

2017-ci ildə Rusiyanın ticarət saldosu 120 milyard dollar təşkil edib. Həmçinin, ödəmə balansı üzrə 34 milyard dollar müsbət saldo qeydə alınıb. Hazırda tədiyyə balansında mənfi indikatorlar da yoxdur. Neftin qiyməti isə indiki halda Rusiyaya kömək edən əsas faktorlardandır.

Bu gün Rusiyada rublun məzənnəsinə ABŞ-ın sanksiyaları təsir edir. Lakin sanksiyalar qısamüddətli volalitlik yaratsa da, sanksiyalarla bağlı yeni paketin təsdiqlənməməsi Rusiyaya manevr etmək imkanı verir. Buna görə, düşünmürəm, rubl əhəmiyyətli dərəcədə dəyərdən düşsün”.

Rublun 5 faiz ətrafında volalitlik nümayiş etdirəcəyini deyən R.Həsənov bunun Rusiya üçün risk yaratmadığını bildirir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri