Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bazarlar Türkiyə Mərkəzi Bankının qərarını həzm etməyəcək - ŞƏRH
Xəbər verdiyimiz kimi sentyabrın 13-də Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin iclası keçiriləcək.
Hazırda bazarlar Mərkəzi Bankın hansı qərar verəcəyinə köklənib.
Analitiklər valyuta bazarının hazırkı situasiyasında 425-500 bənd arası artımı məqbul hesab edirlər. Rəylərə görə, Mərkəzi Bank faizləri artırarsa, dollar 6,50 lirə səviyyəsində qalacaq.
Mərkəzi Bankın faiz artımı yetərsiz olarsa, dolların lirəyə nisbətdə məzənnəsi 6,50 lirə səviyyəsində olacaq. Hətta dolların 7 lirəyə doğru istiqamət alacağı qeyd olunur.
Türkiyə Mərkəzi Bankı lirəni xilas edə biləcəkmi?
İqtisadçı-ekspert Natiq Cəfərli Oxu.Az-a açıqlamasında bildirdi ki, lirə ilə bağlı baş verən proseslər artıq iqtisadi müstəvidən kənarlaşıb:
“Düzdür, iqtisadi səbəblər də var. Xüsusən, özəl sektorun xarici borcu sürətlə artıb. Təkcə 2018-ci ildə, eləcə də, növbəti ildə 230 milyard dollara yaxın xarici borc qaytarılmalıdır. Bu da lirənin dollar qarşısında ucuzlaşmasına səbəb olan ən böyük iqtisadi amildir”.
Türkiyənin valyuta bazarında siyasi amillərin təsirindən söz açan N.Cəfərli bildirir ki, Qərblə münasibətlərin kəskinləşməsi, fikir ayrılıqları türk lirəsinin zəifləməsini şərtləndirir.
Onun fikrincə, Türkiyə Mərkəzi Bankı sabah keçiriləcək iclasında faizləri artıracaq. Lakin bazarlar bunu həzm etməyəcək:
“Mərkəzi Bank faiz dərəcəsini gözləntilərdən daha çox artırarsa, məzənnədə müəyyən sabitlik yaranacaq. Ən azı məzənnənin kəskin ucuzlaşmasının qarşısı alınar. Faiz artımı gözləntiləri aşmazsa, bunun bazarlara ciddi təsiri olmayacaq. Çünki instutsional, siyasi, iqtisadi problemlərin lirəyə təsiri davam edir”.
N.Cəfərli deyir ki, ABŞ və Avropa ilə gərginlik aradan qaldırılmayana qədər lirə dəyərsizləşməkdə davam edəcək:
“Hazırda investorlar öz vəsaitlərini lirədən dollara və avroya çevirib ölkədən çıxarmaqla məşğuldurlar. Bu da lirəyə ciddi zərbə vuran amillər sırasındadır”.