“Rusiya iqtisadiyyatına qarşı məhdudiyyətlərin enerji daşıyıcıları bazarına təsiri dəhşətli olacaq”.
Bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müavini Alparslan Bayraktar Hyustonda keçirilən “CERAWeek” beynəlxalq enerji konfransı çərçivəsində “RİA Novosti” ilə söhbətində qlobal neft bazarının gələcəyi və Qərbin Rusiyaya qarşı sanksiyalarının ona təsirindən danışarkən bildirib.
Onun sözlərinə görə, Rusiya neftini bazarda əvəz etmək çox çətin olacaq, pandemiyadan sonra qlobal iqtisadiyyatın bərpası isə “qara qızıl” tədarükünün artırılmasını tələb edir.
“ABŞ-ın Rusiya enerji daşıyıcıları resurslarının idxalını qadağan etmək qərarına gəlincə bizə iqtisadi artım lazımdır, belə bir addım isə heç bir şəkildə buna kömək etmir”, - nazir qeyd edib.
A.Bayraktar Rusiya neftinin ABŞ-a tədarükünün qadağan edilməsinin digər ölkələr və regionlarda da mənfi nəticələrə səbəb olacağını vurğulayıb.
“Türkiyə 30 ildir ki, Rusiyanı etibarlı qaz təchizatçısı kimi görür və ümid edir ki, bu belə də davam edəcək”, - deyə nazir sözlərini yekunlaşdırıb.