Azərbaycanda avtomobillər “Təmiz hava” aylığı çərçivəsində ekoloji müayinədən keçirilib.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.
Şirkətin məlumatına görə, əvvəlki illərdə “Təmiz hava” aylığı çərçivəsində yalnız Bakı şəhəri ərazisində yerləşən qarajlardakı avtonəqliyyat vasitələri müayinədən keçirilmişdisə, bu il dənizdə istismar olunan nəqliyyat vasitələrinin də Ekoloji Ölçmə Mərkəzi tərəfindən müayinədən keçirilməsi qərara alınıb.
Bunun üçün Mərkəzin əməkdaşları avqustun 19-dan üç gün müddətinə Çilov adasına ezam edilib, SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentində istismar olunan avtomobillər və xüsusi texnika müasir qazanalizator cihazları vasitəsilə respublikamızda qüvvədə olan standartlara uyğun müayinədən keçirilib.
Müayinələrin nəticəsi qənaətbəxş olub. Ekspertlərin rəyinə əsasən, uğurun başlıca səbəbi SOCAR-ın həyata keçirdiyi ekoloji proqram çərçivəsində istismarda olan avtomobillərdən atılan zərərli qazların miqdarına mütəmadi nəzarət edilməsi və mühərriklərin yanacaq sistemlərinin daim saz vəziyyətdə saxlanılmasıdır.
Ülviyyə R. Əli
www.oxu.az