Suraxanı rayonu, Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Avqustun 16-sı saat 10:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Aeroport yolu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib. Təcili tibbi yardım briqadası tərəfindən iki nəfərə (kişi cinsli) yerində tibbi xidmət göstərilib və onlar Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar.
1985-ci il təvəllüdlü şəxsə sağ bazunun sınığı, 2001-ci il təvəllüdlü şəxsə isə döş qəfəsinin küt travması diaqnozu təyin olunub.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2001-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
1985-ci il təvəllüdlü şəxsin vəziyyəti stabil qiymətləndirilib. Zəruri ilkin tibbi yardım göstərilən şəxs iltizamnaməsi alınıb və ixtisaslı tibbi xidmətdən imtina edib".
Aygün Mirakif
Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsində bir nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib.
"Bu gün səhər saatlarında Suraxanı rayonu, Aeroport şosesində sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizlik etməsi ağır qəzanın baş verməsinə səbəb oldu.
Belə ki, müşahidə kamerasının görüntüsünə əsasən deyə bilərəm ki, minik avtomobilində texniki nasazlıq yarandığından sürücü yolun kənarında nasazlığı aradan qaldırmağa çalışıb. Ancaq heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi və hərəkətdə olan digər avtomobilin sürücüsünün diqqətsizlik etməsi ağır qəzanın qeydə alınması və nasazlıq yaranan avtomobilin sürücüsünün həyatını itirməsi ilə nəticələndi", - o deyib.
Ö.Xıdırovun sözlərinə görə, müşahidələr onu deməyə əsas verir ki, avtomobilində nasazlıq yaranan sürücülərin bəziləri yollarda təhlükəsizlik qaydalarına əməl etmirlər:
"Bunu nəzərə alaraq NİİM bir daha sürücülərə müraciət edərək bildirir ki, avtomobildə texniki nasazlıq yarandıqda qəza işıqları yandırılmalı və xüsusi nişandan istifadə edilməlidir. Eyni zamanda, hərəkətdə olan digər sürücülər ara məsafəsi saxlamalı, nəqliyyat vasitəsini sürətlə idarə etməməli və yollarda diqqətli olmalıdırlar".
Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Suraxanı rayonu, Aeroport şosesində baş verən qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.