Bakı-Quba magistralında yük avtomobillərinin toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə bu gün saat 06:30-da Bakı-Quba yolunun 65-ci kilometrində qeydə alınıb.
"Kərim Mübariz oğlu Kərimovun idarə etdiyi 27-BH-257 dövlət qeydiyyat nişanlı yük avtomobili nasazlıq səbəbindən yolun kənarında dayanıb. Bu zaman 27-BH-980 dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edən Ədalət Nəzərli oğlu Kərimov ona kömək etmək məqsədilə nəqliyyat vasitəsini saxlayıb.
Həmin an Niyaməddin Sultan oğlu Musayevin idarə etdiyi 77-JY-934 dövlət qeydiyyat nişanlı yük avtomobili Kərim Kərimovun avtomobilinin bort hissəsinə çırpılıb. Zərbənin təsirindən sonuncu nəqliyyat vasitəsi sürüşərək Ədalət Kərimovun avtomobilinə dəyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova