Gəncədə əməliyyata hazırlaşan gənc qız əməliyyat masasına çatmadan dünyasını dəyişib.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, 23 yaşlı qız xəstəxanada vəfat edib.
Hadisə şəhər ərazisində yerləşən özəl klinikalardan birində qeydə alınıb. Fevralın 10-u tibb müəssisəsinə müraciət edən Türkan Balakişizadənin əməliyyatdan öncə halı pisləşib. Xəstə reanimasiya otağına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Balakişizadənin həyatını xilas etmək mümkün olmayıb, o, dünən xəstəxanada vəfat edib.
Yaxınlarının verdiyi məlumata əsasən, daha əvvəldən Türkanın səhhəti ilə bağlı heç bir problemi olmayıb, əməliyyatdan öncə isə lazım olan bütün müayinələrdən keçib.
Gənc qızın dəqiq ölüm səbəbi hələlik məlum deyil, xəstəxanadan məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib.
Qeyd edək ki, Türkan nişanlı olub, yaxın zamanlarda toyu olacaqdı.
Ətraflı süjetdə:
Əlində olan ziyiləbənzər şişləri götürmək üçün Gəncə Beynəlxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadə vəfat edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Türkan Balakişizadə narkozun təsirindən anafilaktik şok keçirib.
Qeyd edək ki, o, fevralın 10-da əlində yaranmış şişləri götürmək üçün xəstəxanaya müraciət edib, müayinələrdən keçdikdən sonra əməliyyat edilmək üçün narkoz verilib. Nəticədə anafilaktik şok keçirib və koma vəziyyətinə düşüb.
Koma vəziyyətinə düşən Türkan Balakişizadə fevralın 23-də vəfat edib.
Onun dəqiq ölüm səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.
Məlumat üçün bildirək ki, T.Balakişizadə əslən Kəlbəcər rayonundan olsa da, Gəncə şəhərində yaşayıb. Azərbaycan Beynəlxalq Bankının (ABB) işçisi olub.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə və Səhiyyə Nazirliyinə sorğu verilib. Hər iki qurumdan özəl xəstəxana ilə birbaşa əlaqə saxlamaq tövsiyə olunub.
Aygün Mirakif