İsmayıllı rayonunda baş verən ölümlə nəticələnən ağır avtomobil qəzası ilə bağlı təfərrüat məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən ailə Bakıdan Qəbələ rayonuna gedirmiş.
VAZ-21015 markalı avtomobilin sürücüsü Nicat Əsgərov bir neçə ay əvvəl ailəsindən ayrılıb və həmkəndlisi Lamiyə Qurbanova ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayırmış. Əslən Qəbələ rayonundan olsalar da, onlar Bakı şəhərində yaşayırmışlar. Bu gün gecə saatlarında Nicat, ilk evliliyindən olan üç azyaşlı övladı, Lamiyə Qurbanova və onun qardaşı Rahil Qurbanovla Bakıdan çıxıb rayona, valideynlərinin evinə qonaq gedirmiş. Səhər saat 5 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində Nicat Əsgərovun idarə etdiyi VAZ-2115 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə maşında olan sərnişinlər 19 yaşlı Lamiyə Qurbanova və Nicat Əsgərovun 3 yaşlı qızı hadisə yerində dünyasını dəyişiblər.
N.Əsgərov, iki azyaşlı övladı və R.Qurbanov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların durumu bəlli olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, bu gün saat 05:30-da İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə üç nəfər (iki kişi, bir qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Yaralılara bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, hadisə zamanı 2007-ci il və 2023-cü il (qadın) təvəllüdlü şəxslərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Məhərrəm Əliyev
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 5 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində baş verib. Nicat Əsgərovun idarə etdiyi VAZ-2115 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı körpə (qız) hadisə yerində vəfat edib.
Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıb. Qəzaya düşənlər Qəbələ rayonunun Yenikənd kənd sakinləridir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.