Kürdəmirdə bədbəxt hadisə baş verib.
Doqquzuncu sinif şagirdi Sərvət Nazim oğlu Səfərli dəmir yolu üzərində dayanmış qatarın üzərindən keçmək istəyərkən onu elektrik cərəyanı vurub. Nəticədə, məktəbli ağır bədən xəsarətləri alıb.
Yaralı ətrafdakı şəxslərin köməyilə dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə şahidi baş verənləri belə şərh edib: "Mən mağazada işləyirəm. Səsə baxdım, elə bildim transformator partayıb. Yaxınlaşanda gördüm uşaqların biri yerdədir. Oradan keçmək üçün yer var idi, bilmədim orada oynayırdılar, ya nə edirdilər. Təcili yardıma zəng etdik. Vəziyyəti ağır idi".
Yaralının qohumu hadisə ilə bağlı bunları deyib: "Uşaq dəmir yolundan keçərkən əli cərəyan xəttinə toxunub və elektrik cərəyanı vurub. Yanıq xəsarətləri alıb, vəziyyəti ağır idi. Yaxşı, tərbiyəli uşaqdır, ailənin tək övladıdır, dərslərini əla oxuyurdu".
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, pasiyentə ilkin tibbi yardım göstərilib və vəziyyəti nəzərə alınaraq daha ixtisaslaşmış müalicə üçün Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə edilib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bu gün Kürdəmir rayonunda dəhşətli hadisə baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun mərkəzində 15 yaşlı Sərvət Nazim oğlunu cərəyan vurub.
Belə ki, Kürdəmir şəhər 1 saylı orta məktəbin doqquzuncu sinif şagirdi olan Sərvət dəmiryol xəttinin dirəyinə çıxıb. Bu zaman, o, ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik xəttinə toxunub. Nəticədə yeniyetmə ağır xəsarətlər alıb.
Bildirilir ki, məktəbli dərsdən evə gedərkən dostları ilə dirəyə çıxmaqla bağlı mərcləşib və bu zaman bədbəxt hadisə baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.