Oktyabrın 28-də Bakıda yerləşən 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması zamanı yaranan insident araşdırılır.
Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ təhsili idarəetmə qurumları tərəfindən nəzarətə götürülüb.
Qeyd olunub ki, hadisənin şahidləri olan pedaqoji kollektivin üzvlərinin, şagirdlərin və valideynlərin iştirakı ilə müvafiq araşdırma aparılacaq, qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək.
Bildirilib ki, məsələ ilə bağlı polis orqanları tərəfindən də araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görüləcək.
İdarədən, həmçinin, bu cür həssas hadisələrlə bağlı məlumatların yayılması zamanı dəqiqlik və məsuliyyət prinsiplərinə riayət edilməsinin, uşaqların qanunvericiliklə nəzərdə tutulmuş anonimliyinin, psixoloji təhlükəsizliyinin və mənafelərinin qorunmasının vacibliyi vurğulanıb.
Qeyd edilib ki, şagirdlərlə müsahibələrin aparılmasına və onların emosional vəziyyətinə mənfi təsir göstərə biləcək digər davranışlara yol verilməməlidir.
Bakıda məktəblilərdən birinin ölümü ilə bağlı hadisəni işıqlandırmaq istəyən "Real TV"nin çəkiliş qrupu hücuma məruz qalıb.
Oxu.Az xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə baş verib. Məktəbin 7-ci sinif şagirdi pəncərədən yıxılaraq həyatını itirib.
Hadisə barədə çəkiliş aparmaq üçün məktəbə yollanan televiziya əməkdaşları ərazidə hücumla üzləşiblər. Məktəbin qarovulçusunun təkidindən sonra bir qrup şəxs çəkiliş qrupuna hücum edib. Nəticədə operator müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Jurnalistlər məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət ediblər. Hadisə ilə əlaqədar polis əməkdaşları araşdırmalara başlayıb. Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı polis tərəfindən saxlanılanlar var.
Faktla bağlı araşdırma aparılır.