Bakıda azyaşlının lükü tam örtülmədiyi və qapağın möhkəm bağlanması üçün xüsusi yerlər olsa da, onlardan istifadə edilmədiyi üçün kanalizasiya quyusuna düşməsi ilə bağlı iddialara cavab verilib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı öncə parkın nəzarətçisinə müraciət olunub, nəzarətçi gəlib həmin quyuya baxanda məlum olub ki, qapaq yerindədir:
"Daha sonra müvafiq rayon sukanal idarəsinin əməkdaşları da həmin əraziyə baxış keçiriblər, onlar da qapağı quyunun üstündə, yəni müvafiq yerində olduğunu müəyyənləşdiriblər. Onu da diqqətinizə çatdıraq ki, plastik və dəmir qapaqların naməlum şəxslər tərəfindən çıxarılaraq itirildiyi hallar da baş verir, ancaq bu dəfə qapağın yerində olduğu müəyyənləşdirilib.
Həmçinin hadisədən öncə qapağın açıq olması və ya quyudakı hər hansı nasazıqla bağlı məlumat sukanal idarəsinə daxil olmayıb".
Aygün Mirakif
Paytaxtda azyaşlının həyatı təhlükəyə düşüb.
Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə dünən Mərkəzi parkda baş verib.
Ailə üzvlərinin dediyinə əsasən, ikiyaşlı uşaq parkda açıq qalan kanalizasiya quyusuna düşüb. Quyunun dərinliyinin 1.5-2 metr olduğu bildirilir.
Valideynlərin və ətrafdakı insanların operativ müdaxiləsi nəticəsində uşaq quyudan çıxarılıb. Hadisə nəticəsində xəsarət alan körpə dərhal xəstəxanaya aparılıb və ona tibbi yardım edilib.
İddiaya görə, kanalizasiya quyusunun lükü tam örtülməyib və qapağın möhkəm bağlanması üçün xüsusi yerlər olsa da, onlardan istifadə edilməyib. Bu isə ciddi təhlükə yaradıb.