Bakıda yaşayış binasındakı yanğında zəhərlənən iki nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Belə ki, noyabrın 15-də saat 20:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə təcili çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (qadın) nevrasteniya diaqnozu ilə yerində ilkin tibbi xidmət göstərilib, iki nəfər (kişi və qadın) isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bakının Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən yaşayış binasında yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə yanğın barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində 17 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 55 m² olan ikiotaqlı mənzilin eyvanının yanar konstruksiyaları və əşyaları 15 kvadratmetr sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.