Şəki rayon sakini Murad Məmmədov ona əlillik təyin edilməsindən imtina ilə bağlı verilən qərardan narazıdır.
Bu barədə o, Oxu.Az-ın qaynar xəttinə ünvanladığı müraciətdə məlumat verib.
Murad Məmmədov iddia edib ki, dövlət tibb müəssisələrinin rəsmi sənədləri, məhkəmə ekspertizası və ixtisaslaşmış həkim rəyləri ilə təsdiq edilmiş ağır xəstəlikləri olmasına baxmayaraq Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən əsassız və qanunsuz imtina qərarı ilə üzləşib:
"Mənim sağlamlıq vəziyyətimlə bağlı rəsmi Məhkəmə-Psixiatrik Ekspertiza rəyi, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəsmi tibbi arayışı, TSEK-ə təqdim edilmiş "forma-88" göndərişi, nevroloji və psixi pozuntuları təsdiq edən tibbi qeydlər və müayinələr var.
Məhkəmə-Psixiatrik Ekspertizasının rəyində sağlamlıq vəziyyətimlə bağlı ciddi psixi və nevroloji pozuntuların olduğu, gündəlik həyat fəaliyyətimə və əmək qabiliyyətimə əhəmiyyətli təsir göstərdiyi dövlət adından təsdiq edilib.
Psixi Sağlamlıq Mərkəzi tərəfindən mənə rəsmi olaraq: F07.0 - üzvi şəxsiyyət pozuntusu diaqnozu təyin edilib.
Bundan əlavə, TSEK-ə təqdim edilmiş "forma-88" sənədində aşağıdakı diaqnozlar qeyd olunub:
- F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu;
- G92 - Toksiki ensefalopatiya və perinatal ensefalopatiya qalıq əlamətləri;
- G40 - Epilepsiya və tez-tez təkrarlanan epileptik tutmalar.
Tibbi sənədlərdə açıq şəkildə göstərilib ki, epileptik tutmalar həftədə 2-3 dəfə təkrarlanır. Bu vəziyyət mənim təhlükəsiz işləməyimə, daimi əmək fəaliyyəti ilə məşğul olmağıma və normal həyat fəaliyyətimi davam etdirməyimə ciddi maneə yaradır.
Bütün bu rəsmi tibbi faktlara baxmayaraq, TSEK 18.05.2026-cı il tarixində "forma-88" № P00351717UNI üzrə mənə əlillik təyin edilməsindən imtina edib. İmtina qərarında əsas kimi yalnız göndəriş əlillik təyinatına əsas vermir ifadəsi göstərilib.
Lakin bu cavab mənim mövcud xəstəliklərimin ağırlığını, məhkəmə ekspertizasının nəticələrini, həkim rəylərini və real həyat vəziyyətimi izah etmir".
O bildirib ki, hazırda yalnız tibbi problemlərlə deyil, eyni zamanda, ağır sosial vəziyyətlə də üz-üzədir:
"Sağlamlıq vəziyyətimə görə işə qəbul olunmaqda ciddi çətinlik çəkirəm. Bir çox iş yerləri sağlamlıq vəziyyətim və davamlı epileptik tutmalar səbəbindən məni işə götürmür. Digər tərəfdən, sağlamlıq vəziyyətimi təsdiq edən arayışların və sənədlərin tam şəkildə əldə edilməsində də çətinliklərlə qarşılaşıram. Əlimdə olan rəsmi tibbi sənədlərə baxmayaraq, əmək qabiliyyətimin məhdud olması ilə bağlı sosial təminat hüququmdan istifadə edə bilmirəm. Mən ailə sahibiyəm. Sağlamlığım işləməyə tam imkan vermədiyi halda ailəmin maddi ehtiyaclarını necə qarşılamalı olduğum sualı qarşısında qalmışam. Gündəlik yaşayış xərcləri, ailə məsuliyyətləri və müalicə ehtiyacları fonunda gəlirsiz qalmaq mənim üçün ağır sosial nəticələr yaradır. Mənim məqsədim hər hansı imtiyaz əldə etmək deyil. Mən yalnız qanunvericiliklə nəzərdə tutulmuş sosial müdafiə hüququmun obyektiv və ədalətli şəkildə qiymətləndirilməsini tələb edirəm".
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov qeyd edib ki, Şəki rayon sakini 1998-ci il təvəllüdlü Murad Tofiq oğlu Məmmədovla bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən "forma-88" göndərişində ekspertiza üçün əhəmiyyətli məlumatlar qeyd edilmədiyinə görə elektron sistem üzərindən onun əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb:

"Bu səbəbdən də vətəndaşla əlaqə saxlanılıb və o, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə əyani müayinəyə dəvət edilib. Murad Məmmədov əyani müayinədə iştirak etdiyi halda, qanunvericiliyə uyğun olaraq əlilliyi ilə bağlı müvafiq qərar veriləcək".