Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyətləri məlum olub.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 24-də saat 17:10-da Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan beş nəfər (iki kişi, üç qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Pasiyentlərə ilkin tibbi yardım göstərilib, zəruri instrumental və laborator müayinələr aparılıb. Hazırda müalicələri Cərrahiyyə şöbəsində davam etdirilir.
Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1953-cü il təvəllüdlü şəxsin (kişi) bioloji ölüm faktı qeydə alınıb.
Digər pasiyentlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda vurğulanıb.
Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:00-da Qasımallar kəndi ərazisində qeydə alınıb.
1953-cü il təvəllüdlü Gədəbəy sakini Fəxrəddin Məmmədovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillə VAZ-2106 markalı avtomobil toqquşub.
Hadisə nəticəsində VAZ-ın sürücüsü həyatını itirib, daha iki nəfər xəsarət alıb. Onların kimlikləri müəyyənləşdirilir.
Hadisə yerinə polis əməkdaşlarının cəlb olunduğu, araşdırma aparıldığı bildirilib.
Əzizə İsmayılova