Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Adil Hüseynov: "Ceyranbatan gölü ətrafında məşq etdiyimiz illəri xatırlayıram"
"Neftçi" klubunun yaradılmasının 88-ci ildönümü münasibətilə keçmiş komandasını təbrik edən Adil Hüseynov keçmiş xatirələrini bölüşüb.
Adil Hüseynov Oxu.Az-a açıqlamasında sabiq komandasını "SSRİ dövrünün bürüncü" adlandırıb.
"Bu gün mənim doğma komandamın - Bakının "Neftçi" klubunun 88 yaşı tamam olur. Bu gözəl günləri yada salıb nə deyə bilərəm? "Neftçi" SSRİ dövrünün bürünc komandasıdır.
Ötən illəri yada salaraq demək istərdim ki, bizim futbol oynadığımız zamanlarda, əlbəttə ki, bugünkü şərait yox idi. Futbol meydançalarına nadir hallarda rast gəlinirdi, futbol klublarının maddi texniki bazası, demək olar ki, yox vəziyyətdə idi. Buna baxmayaraq, mən və komanda yoldaşlarım klubumuzun, ölkəmizin idman dünyasında tanınması üçün əlimizdən gələni edərdik. Bəzən istədiyimiz kimi alınırdı, bəzən alınmırdı.
Amma bugünkü "Neftçi"yə baxanda, əlbəttə ki, biz bunun əksinin şahidi oluruq. Ölkəmizdə futbolun inkişafı üçün dövlət dəstəyi ilə böyük işlər görülür. Hətta bir çox məhəllələrdə futbol meydançalarının mövcudluğunu görürük və bu da öz növbəsində, gənc futbolçuların yetişdirilməsinə təsir edən amillərdən biridir.
Bu əziz gündə mən Bakımızın "Neftçi"sinə, onun gənc futbolçularına yeni-yeni uğurlar, dünya və Avropa kuboklarında layiqli yerlər tutmağı, həyatda karyeraları üçün yaranan fürsətlərdən məharətlə istifadə etməyi arzulayıram.
Qeyd edək ki, sabiq futbolçu hazırda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti və Bakı şəhəri Nərimanov rayon bələdiyyəsinin sədr müavinidir.
Anar Həsənov