Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Adrian Mutu: “Bizi çətin oyun gözləyir” - FOTO
“Türkiyənin ən güclü komandalarından birinə qarşı bizi çətin oyun gözləyir. Azarkeşlərimizə demək istəyirəm ki, bu oyunda meydanda yüz faizimizi verməyə hazır olduğumuzdan əmin olsunlar”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu Türkiyənin “Beşiktaş” klubuna qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis yorğunluğu bəhanə etməməli olduqlarını bildirib:
“Üç gündən bir oynamaq üçün geniş heyət olmalıdır. “Kəpəz”lə matçda komanda yorğun idi. Amma 100 faizi izi verməyə çalışırdıq. Yorğunluğa baxmayaraq, qələbə qazanmalıyıq. Bu, arxasında gizlənəcəyimiz bir səbəb deyil”.
Baş məşqçi müdafiənin cinahlarındakı problemi həll etməyə çalışdıqlarını söyləyib:
“Müdafiənin sağ cinahına futbolçu transfer etmişik. Lakin Ervin Koffi ilk görüşdə gözlənilməz zədə aldı. Bir neçə oyunçu ilə danışıqlar gedir. Çalışacağıq ki, hər mövqedə rəqabəti artırmaq üçün transfertlər edək. Ölkə çempionatında legioner limiti var. Dörd yerli oynamalıdır. Bunları nəzərə almalıyıq. Bütün futbolçulardan istifadə etməliyik. Rəqiblər bizi əvvəldən proqnozlaşdırmamalıdırlar”.
A.Mutu hücumçu transfer etməyə çalışdıqlarını qeyd edib:
“Hücum xəttinə transferlərdə gecikirik. Lakin danışıqlar gedir. Maraqlı futbolçular var. Bir az çətinliklər mövcuddur. Çalışırıq ki, keyfiyyətli futbolçular transfer edək”.
44 yaşlı mütəxəssis sabah istənilən nəticənin qeydə alına biləcəyini söyləyib:
“Beşiktaş”ın necə komanda olduğunu bilirik. Rəqibin heyətinə də bələdik, məşqçisinə də. Onlar öz ölkələrinin böyük komandasıdırlar, biz də öz ölkəmizin. Futbolda hər şey baş verə bilər”.
Çalışdırıcı ölkə çempionatında “Kəpəz”ə məğlubiyyətin komandaya təsir etdiyini bildirib və azarkeşlərdən bir qədər səbirli olmalarını xahiş edib:
“Biz “Neftçi”yik. Hər məğlubiyyət komanda üzərində təzyiq yaradır. Fanatlar başa düşməlidirlər ki, biz güclü komanda formalaşdırmaq istəyirik. Hazırkı “Neftçi” mənim istədiyimin 60 faizidir. Oyunçu transferlərində gecikmələr oldu. Ömər Buludov, Eddi İsrafilov zədələndi. Hamıdan bir az səbirli olmağı xahiş edirəm. Daha güclü “Neftçi” quracağıq. Bir az realist olmalıyıq. Bilməliyik ki, “Neftçi” necə komandadır. Sabah əlimizdən gələni edəcəyik ki, “Beşiktaş”a qalib gələk. Reallığa baxsaq, “Neftçi” qurulmaq dönəmində olan komandadır. Biz də istəyirik ki, hər oyunda qələbə qazanaq. Yerli futbol federasiyasından da bir az anlayış istəyirik. Biz Avropada daha yaxşı oynamaq üçün yaxşı da dincəlməliyik”.
A.Mutu “Futbolçu kimi “Çelsi”nin heyətində “Beşiktaş”a qarşı oynamısınız və məğlub olmusunuz, sabah revanş ala biləcəksiniz?” sualını belə cavablandırıb:
“Revanş niyə? Həmin zaman mən qol vurmuşam, biz mərhələ keçmişik. “Beşiktaş” məndən revanş almalıdır”.
Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” - “Beşiktaş” görüşü saat 21:00-da başlayacaq.
Daha çox şəkil burada: PhotoStock.az
Faiq Tahirov
"Çelsi FK" teqi üzrə xəbərlər
- UEFA Konfrans Liqası: "Çelsi"dən darmadağın, "Başakşəhər"dən heç-heçə
- "Çelsi" Mixail Mudrikin müqaviləsinə xitam verəcək
- Ukrayna millisinin aparıcı oyunçusu futboldan uzaqlaşdırıldı
- "Çelsi" "Brentford"u məğlub edərək Premyer Liqada ikinci yerdə qərarlaşdı
- UEFA Konfrans Liqası: "Çelsi" səfərdə "Astana"nı məğlub etdi
Rəylər