Braziliya çempionatında Argentina yığması Almaniya yığmasına 0:1 hesabı ilə məğlub olduqdan sonra Buenos-Ayresdə meydana gələn iğtişaşlar nəticəsində 15 polis yaralanıb.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, asayiş keşikçiləri tərəfindən 30 nəfər həbs edilib.
Məlum olduğu kimi, aqressiv azarkeşlərin yaratdıqları iğtişaşlar şəhərin əsas prospekti olan “Doqquz iyul prospektində”, nəhəng ekranda futbol matçının izləndiyi, Argentina paytaxtının rəmzi hesab edilən 67 metrlik Obeliskin (monument) yanında baş verib.
Matçın sonunda əksər vətəndaşlar məğlubiyyəti qəbul edərək, evlərinə dağılışıblar. Amma bir qrup fanat final matçının nəticələrindən narazıçılıqlarını mağaza vitrinlərini, yolda rastlarına çıxan avtomobillərin şüşələrini qıraraq bildiriblər. Onlar hadisə yerinə gələn polislərə müqavimət göstəriblər. Nəticədə polislər gözyaşardıcı qazdan istifadə ediblər. Jurnalistlərin çəkiliş qrupunun yerləşdiyi iki avtomobil, bir neçə bar və hətta teatr binası belə hücuma məruz qalıb.