UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"la keçiriləcək III tur oyunundan öncə təşkil olunmuş mətbuat konfransında "Atletik"in baş məşqçisi Valverde onun adından yayılan "Qarabağ"ı 9:0 hesabı ilə məğlub edəcəklərinə dair iddialarla bağlı azərbaycanlı jurnalistin sualına gülərək cavab verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Valverde 9:0 hesabı ilə qalib gələcəkləri ilə bağlı deyilənləri dəhşət adlandırıb.
"Bunu sözlə ifadə edə bilmirəm. Onlara hörmət edirik. 1:0 normal hesab olar. Onlar sərbəst oynayan, yaxşı yarımmüdafiəsi və hücum xətti olan komandadır. Legioner oyunçuları çoxdur - braziliyalılar, kolumbiyalılar, polyaklar… Ehtiyatlı olmalıyıq. Hücumda yaxşı oynayırlar. Ölkələrinin çempionudurlar və qalib gəlmək üçün təzyiq edəcəklər. Daha çox istirahət ediblər, tez-tez heyətlərində dəyişiklik edirlər", - "Atletik"in baş məşqçisi bildirib.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-si, Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.
"Qarabağ"la matçda xal qazanmaq üçün fürsətimiz var".
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri İspaniyanın "Atletik" klubunun baş məşqçisi Ernesto Valverde UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"la keçiriləcək III tur oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis Ağdam klubuna hörmətlə yanaşdıqlarını bildirib: "Təbii ki, turnir cədvəlində onlar bizdən öndədirlər. Biz isə sonuncuyuq. Niyyətimiz, əlbəttə ki, qələbə qazanmaqdır. Bu, bizim əsas istəyimizdir. "Qarabağ"a hörmətlə yanaşırıq, çünki bizdən əvvəl Çempionlar Liqasının köklü komandaları olan "Benfika" və "Kopenhagen"i məğlub ediblər. Rəqibin potensialını yaxşı bilirik. Bu həftə oynayacağımız ilk matçdır. Ona görə də özümüzü tam hazır və gümrah hiss edirik".
Qeyd edək ki, oktyabrın 22-də "San Mames" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.