Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Avropada "Apennin fırtınası": "Çökdü" deyilən İtaliya nəhəngləri necə ayağa qalxırlar? - TƏHLİL
20 il əvvəl - Çempionlar Liqasının (ÇL) 2002/03 mövsümündə yarımfinal mərhələsinə üç İtaliya klubu vəsiqə qazanmışdı: "Milan", "Yuventus" və "İnter". Onları Madrid "Real"ı müşayiət edirdi. Həmin mövsüm "kalço" finalı oldu və penaltilər seriyasında "Yuventus"u məğlub edən "Milan" kuboku başı üzərinə qaldırdı.
ÇL-in 2022/23 mövsümünün finalında da azı bir italyan klubu olacaq. Bu mərhələdə "Milan" və "İnter" "Madonnina derbisi"ndə həlledici oyuna vəsiqə uğrunda yarışacaqlar. Digər finalçı isə ya "Real" olacaq, ya da "Mançester Siti".
Avropa Liqasında (AL) da italyanların uğurlu çıxışı diqqət çəkir. "Buzovlar ölkəsi"ndən "Yuventus" və "Roma" yarımfinala adlayıb. "Zebrlər" burada "Sevilya" ilə, "canavarlar" "Bayer"lə (Leverkuzen) üz-üzə gələcəklər. Beləliklə, qitənin ikinci dərəcəli klub turnirində İtaliya finalının olması ehtimalı yüksəkdir.
A Seriyası Konfrans Liqasının (KL) yarımfinalında da təmsil olunur. Burada "Fiorentina" finala yüksəlməyə can atacaq. "Bənövşəyilər" "Bazel"in müqavimətini qırmağa çalışacaqlar. Bunu etməyi bacarsalar, onlar titul uğrunda ya "Vest Hem", ya da "AZ Alkmaar"la qarşılaşmalı olacaqlar.
Beləliklə, Avropanın üç böyük klub turnirində 12 yarımfinal iştirakçısının 5-i Apennin təmsilçiləridir. Son illər daha nüfuzlu çempionatlar hesab olunan İspaniya La Liqası və İngiltərə Premyer Liqası birlikdə bu saya çata bilməyib. Bu çempionatların hərəyə iki komandası avrokuboklarda finala çıxmaq uğrunda mübarizə aparacaq.
İtalyanlarda son ÇL kubokunu 2010-cu ildə "İnter" qazanıb. Daha sonra "Yuventus" iki dəfə final oynasa da, titulu əldə edə bilməyib və bunlardan sonuncusu 2017-ci ildə baş verib. "Kalço" həvəskarlarını bir də keçən il "Roma" sevindirib. Joze Mourinyonun komandası qitənin nüfuzuna görə üçüncü turniri Konfrans Liqasında qalib olub.
Bu mövsümdəki nəticələr İtaliya futbolunun dirçəlişidirmi? A Seriyası "kiçik dünya çempionatı" hesab olunduğu vaxtlara - 90-lara, 2000-lərin əvvəllərinə qayıdır?
Xüsusən, ÇL-də 1/4 finala üç, yarımfinala iki İtaliya klubunun çıxmasında münasib püşkün rolu inkar edilməməlidir. "Napoli" 1/8 finalda "Ayntraxt"ı keçmişdisə, "İnter" əvvəlcə "Portu", sonra "Benfika" ilə üz-üzə gəldi. Adıçəkilən komandalar isə artıq mübarizəni dayandırmış PSJ, "Çelsi", "Liverpul" kimi komandalarla müqayisə oluna bilməz. Heç "Milan"ın 1/8 finalda mübarizədən kənarlaşdırdığı "Tottenhem" də top-klub hesab edilmir.
Bununla belə, uğuru təkcə münasib püşklə əlaqələndirmək yarımçıq yanaşma olardı. Çünki Çempionlar Liqasında dəfələrlə sürpriz nəticələr qeydə alınıb və hər nə qədər banal səslənsə də, bu səviyyədə futbolda zəif rəqib olmur. Məsələn, 2004-cü ildə heç kimin gözləmədiyi halda "Portu" və "Monako"nun finala adlaması kimi.
Uğurun daxili səbəbləri daha qabarıqdır.
A Seriyası heç də 20-25 il əvvəlki qədər ulduzların axışdığı liqa deyil. Futbolçular indi daha çox fantastik məbləğlər ödənən İngiltərə Premyer Liqasına, Fransada PSJ-yə, Almaniyada "Bavariya"ya, İspaniyada həmişə ən yüksək səviyyəsini qorumağı bacaran "Barselona" və "Real"a keçməyə üstünlük verirlər.
"İnter" və "Milan" 2003-cü ildə yarımfinalda üz-üzə gələndə bir tərəfdə Alessandro Nesta, Paolo Maldini, Alessandro Kostakurta, Andrea Pirlo, Klarens Zeedorf, Cennaro Qattuzo, Rui Koşta, Filippo İnzagi, Andrey Şevçenko, digər tərəfdə Françesko Toldo, Fabio Kannavaro, Xavyer Zanetti, Ernan Krespo, Alvaro Rekoba kimi ulduzlar var idi. Hətta "Milan"ın ehtiyat skamyasında Rivaldo vaxtını gözləyirdi.
Bu yarımfinal öncəsi kimlərin adını çəkə bilərik? Rafael Lean, Mik Menyan, bəlkə, müəyyən qədər Lautaro Martines, Teo Hernandez, hələ gözlənilən partlayışı edə bilməyən Sandro Tonali, Alessandro Bastoni. Genişləndirmək üçün əlimizdən gələni etdiyimiz siyahı yalnız bu adlarla məhdudlaşır.
Digər yarımfinalçı italyanlarda da vəziyyət çox fərqli deyil. "Roma"da Paulo Dibala heç vaxt top səviyyəyə yüksələ bilmədi, "Yuventus"da Duşan Vlahoviç birmənalı olaraq ümidləri doğrultmur, Federiko Kyeza, Pol Poqba, Anxel Di Mariya vaxtının çoxunu zədəli keçirir, Leonardo Bonuççi hətta ən yaxşı vaxtlarında stabil ola bilməyib və s.
5-6 il əvvəllə müqayisədə A Seriyasında ulduz oyunçu baxımından böyük dəyişiklik yoxdur. Lakin indi komandalar daha ağıllı davranırlar.
Bunun ən yaxşı nümunəsi "Napoli"dir. Neapollular yarımfinalçılar sırasında deyillər, ancaq daxili çempionatda əla performans, ÇL-də onların elə digər İtaliya təmsilçisi "Milan"a uduzması komanda barəsində ayrıca bəhs etməyə əsas verir. Baş məşqçi Luçano Spalettinin komandası həmişəki kimi maraqlı futbol oynayır. Üstəlik, onun əlində Viktor Osimhen kimi "qol maşını" var. Ən əhəmiyyətlisi, Xviça Kvaratsxeliya və Kim Min Ce kimi nöqtə transferlər isə çox ucuz başa gəlib və məhz "Napoli"dəki çıxışları onların dəyərini dəfələrlə artırıb. Klubun bu cür oyunçuları kəşf edə bilməsi yaxşı mövsüm keçirməsində ən həlledici məqamdır.
"Milan"da uğurun əsas səbəbkarı Stefano Piolidir. Ulduzlar çox olmasa da, son illərdə keyfiyyətli transferlər edilib və möhkəm heyət formalaşdırılıb. Pioli 1/8 finalda "Tottenhem"dən Harri Keyni, ardınca Viktor Osimhenin oyununu elə məhdudlaşdırmağı bacardı ki, "Milan" son dörd matçda cəmi bir top buraxdı.
"İnter"də Simone İnzagi əsl pley-off məşqçisi olduğunu sübut edir. Çempionatda işlər qətiyyən yolunda getmir. Hətta mövsümün gedişində onun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər də dolaşırdı. Lakin ikili oyunların planlaşdırılmasında çox güclü olan İnzagi komandasını bu mərhələyə qədər gətirməklə güman ki, komandanın başında ömrünü də uzatmış oldu.
"Yuventus"un çalışdırıcısı Massimilyano Alleqri və "Roma"nın baş məşqçisi Joze Mourinyo isə praqmatik futbolla nəticə qazanmağın hələ də mümkün olduğunu təsdiqləyirlər. Hər iki komandanın oyunu neytral izləyicilərə zövq verməyə bilər, ancaq nəticə varsa, bu, azarkeşləri razı salacaq.
A Seriyasında Maurisio Sarri ("Latsio"), Vinçentso İtaliano ("Fiorentina"), Canpyero Qasperini ("Atalanta"), Tiaqu Motta ("Bolonya"), İvan Yuriç ("Torino") kimi mütəxəssislər taktiki rəngarənglik təklif edirlər. İddia etmək olar ki, məşqçilərin keyfiyyətinə görə İtaliya A Seriyası hazırda digər liqalardan üstündür. Əlbəttə, Premyer Liqada daha böyük məşqçilər var, ancaq bir neçə klub istisna edilməklə digərlərində standart ingilis futbolundan uzaqlaşa bilməyən mütəxəssislər çalışır və elə bunun da nəticəsində hər mövsüm orada çoxlu baş məşqçi istefaları yaşanır.
Digər tərəfdən, artıq İtaliya klubları yalnız ÇL-i prioritet kimi müəyyənləşdirmirlər. AL və KL də onlar üçün əhəmiyyətli olmağa başlayıb. Əgər əvvəllər, məsələn, "Yuventus" ÇL-dən Avropa Liqasına düşərdisə, orada böyük güc sərf etməyi lazım bilməzdi. Ancaq maliyyə ehtiyacları klubları bütün yarışlara ciddi yanaşmağa vadar edir. "Roma"nın keçən mövsüm 3-cü dərəcəli Konfrans Liqasına verdiyi əhəmiyyət bunun sübutudur. Onlar sadəcə buna məcburdurlar. A Seriyasının nüfuzu o qədər yüksək deyil ki, yayım gəlirləri və s. İngiltərə Premyer Liqasındakı kimi onlara kifayət etsin.
Avropada "Apennin fırtınası" əsməsinn təxmini səbəblərini vurğuladıq. Lakin ölkə futbolunda problemlər davam etməkdədir və bu mövsüm baş verənlər hazırkı uğurun davamlı olacağını demək üçün kifayət etmir. Hazırkı performansla diqqət çəkən oyunçuların gələn il də İtaliyada qalacağı zəmanətli deyil. A Seriyasından daha cazibəli və daha yaxşı maliyyə təklifləri olan liqalardan klublar onları asanlıqla "oğurlaya" bilərlər. Məsələn, yuxarıda adını qeyd etdiyimiz Kim Min Cen növbəti mövsüm Premyer Liqanın ikinci "10-luğ"unda qərarlaşan komandalarından birinə transfer olunsa, bu, təəccüblü qarşılanmamalıdır.
Səbəblər bir o qədər mürəkkəb də deyil. İtaliyada futbol İngiltərədəki, İspaniyadakı qədər sənayeləşməyib. Hələ də əksər klubların stadionları 90-cı illərdən qalmadır. "Milan" və "İnter" çoxsaylı vədlərə baxmayaraq, "Cüzeppe Meatsa"dan qopa bilmirlər. Klublar oyunçu yetişdirməkdə problem yaşayırlar. İtaliya millisinin baş məşqçisi Roberto Mançini yığmaya dəvət etməyə hücumçu tapmaqda çətinlik çəkdiyini açıqlayıb.
Mövcud vəziyyətdə italyanların Avropa uğuru səhrada gül bitməsinə bənzəyir. Bunun gələn il də təkrarlanacağı qətiyyən zəmanətli deyil.
Faiq Tahirov
Rəylər