26-31 oktyabr tarixlərində ABŞ-ın Vaşinqton şəhərində Milli Olimpiya Komitələrinin Assosiasiyasının 20-ci Baş Assambleyası keçiriləcək.
Azərbaycan MOK-un Mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumata görə, Assambleyada Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edəcəkdir.
Tədbir çərçivəsində adı çəkilən təşkilatın Gənclər, Beynəlxalq Əlaqələr və Atletlər Komissiyası iclası, həmçinin təşkilatın 68-ci İcraiyyə Şurasının iclasının keçirilməsi nəzərdə tutulur.
Baş Assambleyada Qitə Assosiasiyaları olan Avropa Olimpiya Komitəsi, Asiya Olimpiya Konsulluğu, Afrika Milli Olimpiya Komitələrinin Assosiasiyası, Panamerika İdman Təşkilatı və Okeaniya Milli Olimpiya Komitələrinin məruzə çıxışı həyata keçiriləcək.
Əlavə olaraq, Rio de Janeyro, Tokio Yay Olimpiya Oyunları və Pyonçanq Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. Yeniyetmələr arasında 2018-ci il Buenos Ayres və 2016-cı il Lillehammer Olimpiya Oyunları da müzakirə olunacaq.
Xatırladaq ki, növbəti Milli Olimpiya Komitələrinin Assosiasiyasının 21-ci Baş Assambleyası Rio de Janeyroda baş tutacaq.
E.Ə.
www.oxu.az