2022-ci il Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) Koordinasiya Komissiyası (CoCom) 2021-ci il sentyabrın 27-30 tarixlərində Slovakiyanın Banska Bistritsa şəhərində olub.
Oxu.Az-a verilən məlumata görə, Koordinasiya Komissiyasının üzvü, Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev tədbirdə iştirak edib. Tədbir iştirakçıları festivalın təşkilatçıları tərəfindən hazırlıq işlərinin gedişatı ilə bağlı ətraflı şəkildə məlumatlandırılıblar, qarşıdan gələn EYOF çərçivəsində tədbirlərin keçiriləcəyi idman qurğuları, yaşayacaqları bina və obyektlərlə tanış olub.
“Hazırlıq işləri ən kiçik təfərrüatlar nəzərə alınmaqla həyata keçirilir və Banska Bistritsa şəhərində 2022-ci ildə keçiriləcək yarışların ən yaxşı Avropa Gənclər Yay Olimpiya Festivalı olacağına əla zəmin var”, – deyə Komissiyanın sədri Yozef Kassar səfərdən sonra bəyan edib.
MOK-un baş katibinin müavini Azər Əliyevin də təmsil olunduğu Koordinasiya Komissiyasının üzvləri şəhərin mərkəzində yerləşən və böyük tamaşaçı kütləsi cəlb edəcəyi proqnozlaşdırılan yeni atletika stadionu, üzgüçülük hovuzu, triatlon üçün meydança, cüdo və badminton zalları, tennis kortları və fan zonadan ibarət mərkəzi idman klasterinə baxış keçirdib.
Təşkilat Komitəsinin və Slovakiya Milli Olimpiya Komitəsinin gənc komandasının gerçəkləşdirdiyi 3 günlük səfər şəhər meri Yan Noskonun iştirakı ilə baş tutan mətbuat konfransı ilə yekunlaşıb.
Qeyd edək ki, XVI EYOF pandemiya ilə əlaqədar olaraq bir il müddətinə təxirə salınıb və 2022-ci ilin 24-30 iyul tarixlərində keçirilməsi haqda qərar verilib. Qarşıdan gələn Avropa Gənclər Yay Olimpiya Festivalında 11 idman növü üzrə, o cümlədən idman gimnastikası, atletika, badminton, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, triatlon və voleybolda 2500-dən artıq idmançı yarışacaq.
Xatırladaq ki, analoji yarışın sonuncusu 2019-cu ildə Bakıda təşkil olunub.