Azərbaycanın qadın karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarının qalibi olub.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 68 kq-da çıxış edən idmançı finalda isveçrəli Yelena Kuiriçə 4:1 hesabı ilə qalib gəlib.
Beləliklə, Zaretska ikinci dəfə Avropa Oyunlarının qalibi olub. O, Bakı-2015-də də qızıl medala sahib çıxmışdı. Titullu idmançı 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş analoji yarışda isə ikinci yeri tutmuşdu.
Qeyd edək ki, bu mükafatla Azərbaycan idmançılarının III Avropa Oyunlarındakı medallarının sayı 3-ə çatıb. Hər 3 mükafatı karateçilər əldə ediblər. Daha əvvəl Tural Ağalarzadə (67 kq) qızıl, Asiman Qurbanlı (+84 kq) isə bürünc medala yiyələnib.
20:01
Azərbaycan karateçisi Asiman Qurbanlı Polşada keçirilən III Avropa Oyunlarında finala yüksələ bilməyib.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 84 kq-dan yuxarı çəkidə çıxış edən idmançı yarımfinalda xorvatiyalı Andelo Kvesiçə uduzub - 3:5.
Buna baxmayaraq, A.Qurbanlı bürünc medal əldə edərək, Azərbaycan komandasına Avropa Oyunlarının ikinci mükafatını qazandırıb.
Qeyd edək ki, daha əvvəl digər karateçi Tural Ağalarzadə (67 kq) yarışın qalibi olub.
19:24
Azərbaycanın qadın karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında finala vəsiqə qazanıb.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 68 kq-da çıxış edən idmançı yarımfinalda fransalı Alize Ajyeni 3:0 hesabı ilə məğlub edib.
O, qızıl medal uğrunda qarşılaşmada isveçrəli Yelena Kuiriçi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu gün, həmçinin, 84 kq-dan yuxarı çəkidə çıxış edən Asiman Qurbanlı da yarımfinal görüşünə çıxacaq.