Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirində qazanılan lisenziya sayına görə üçüncü olub.
Oxu.Az xəbər verir ki, ötən il Böyük Britaniyanın paytaxtı Londonda başlayan, koronavirus pandemiyası üzündən dayandırılaraq bu il Fransanın paytaxtı Parisdə davam etdirilən yarışda ümumilikdə kişilərin səkkiz çəki dərəcəsində 50 vəsiqə sahibini tapıb.
Beş vəsiqə qazanan yığmamız yalnız Böyük Britaniya və Rusiya Olimpiya Komitəsindən geri qalıb. Bu iki ölkə hərəyə yeddi lisenziya qazanıb.
Ümumilikdə isə turnirdə 18 ölkə Tokio-2020-yə vəsiqə əldə edib. Qonşu Gürcüstan üç, Ermənistan iki və Türkiyə bir lisenziyaya yiyələnib.
Qadın boksçularla birgə qazanılan lisenziyalar baxımından Böyük Britaniya və Özbəkistan şərikli liderdir (11). Rusiya Olimpiya Komitəsi (10) ikinci, Hindistan və Qazaxıstan (9) üçüncüdür. Azərbaycan isə qadın boksunda lisenziya qazana bilməyib.
Dünya Olimpiya Təsnifat Turniri isə ləğv olunduğundan, son 32 lisenziya reytinqə əsasən veriləcək.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində Tayfur Əliyev (-57 kq), Cavid Çələbiyev (-63 kq), Lorenso Sotomayor (-69 kq), Alfonso Dominqes (-81 kq) və Məhəmməd Abdullayev (+91 kq) Olimpiadada iştirak hüququ qazanıb.
