“Bu cür turnirdə bütün güclü komandalara qalib gəlmək lazımdır”.
Bunu “Report”a açıqlamasında Azərbaycanın basketbol üzrə 3x3 qadın millisinin baş məşqçisi Ratomir Deliç Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda təsnifat mərhələsi barədə danışarkən deyib.
Mütəxəssis B qrupundakı rəqibləri Niderland, Monqolustan və Çilinin güclü komandalar olduqlarını bildirib. Ancaq o, məqsədlərinin bütün matçlarda qələbə qazanmaq olduğunu söyləyib:
“Paris-2024 Olimpiya Təsnifat qruplarında hansı komandaların yer alacaqlarını öncədən bilirdik. İndi isə komandalar qruplara bölünüb və konkret rəqiblərimizi tanıyırıq. Nəzərə alaq ki, bu yarışda cəmi bir yığma olimpiadaya lisenziya qazanacaq. Öz üzərimizdə çalışacaq və bütün rəqiblərə qarşı oynamağa hazır olacağıq”.
Qeyd edək ki, ilk təsnifat oyunları aprelin 12-14-də Honkonqda keçiriləcək. 8 komanda hərəsində 4 yığma olmaqla iki qrupa bölünəcək. Qruplarda ilk iki pilləni tutacaq komandalar yarımfinala adlayacaqlar. Yarışın qalibi olimpiadaya lisenziya əldə edəcək. İkinci təsnifat oyunları isə mayın 16-19-da Macarıstanın Debretsen şəhərində baş tutacaq. Azərbaycan millisi burada Almaniya, Polşa və Tunislə birlikdə A qrupunda yer alacaq. Həmin yarışda 16 komanda 4 qrupda mübarizə aparacaq. Qruplarda ilk iki yerin sahibləri 1/4 finala yüksələcəklər. İkinci təsnifat mərhələsini ilk üç sırada tamamlayacaq yığmalar olimpiadaya vəsiqə qazanacaqlar. Azərbaycan millisi ilk təsnifat oyunlarında çempion olsa, ikinci təsnifatda iştirak etməyəcək.