2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsində Belçikaya qarşı matç və İordaniya ilə yoldaşlıq oyununun Azərbaycan millisinin FIFA reytinq sıralamasına necə təsir edəcəyi müəyyənləşib.
Oxu.Az-ın hesablamalarına görə, Belçikaya 0:1 hesablı məğlubiyyət yığmanın aktivindən 1,9 xalın silinməsi ilə nəticələnib.
İordaniya üzərində qələbə isə komandanın reytinqini artırıb. Bu qalibiyyətə görə millinin aktivinə 6,4 xal əlavə edilib.
Beləliklə, iki oyunun yekununa əsasən, Azərbaycan yığması 4,5 xal irəli düşüb. Son siyahıda 1142,2 xalı olan komandanın yeni cədvəldə hesabında 1146,7 xal olacaq.
Hazırda 121-ci pillədə qərarlaşan millinin bu qazancdan sonra irəliləyə bilib-bilməyəcəyini demək çətindir. Çünki bu ərəfələr oyunlar çox olub və digər komandaların nəticələri də əhəmiyyət daşıyır. Hələlik yalnız onu demək olar ki, irəliləmək ehtimalı aşağıdır. Çünki öndəki pillələrdəki komandalarla fərq böyükdür.
FIFA yeni reytinq cədvəlini sentyabrın 21-də açıqlayacaq.
Faiq Tahirov
Rəylər