Bu gün Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Paralimpiya Oyunları Azərbaycan üçün başa çatdı.
Azərbaycan bu yarışda 34 idmançı ilə təmsil olundu. 34 idmançımız pauerliftinq, atletika (nüvə itələmə, disk atma, qaçış, uzunluğa tullanma), cüdo, üzgüçülük, güllə atıcılığı və taekvondoda mübarizə apardı.
34 idmançımızdan 16-sı medal qazandı. Rioda gümüş medal qazanmış Belarus əsilli üzgüçümüz Roman Saley bu dəfə üç “qızıl”la yadda qaldı. 19 yaşlı sprinterimiz Lamiyə Vəliyeva isə əvvəlcə 100 metr məsafəyə qaçışda gümüş, daha sonra 400 metr məsafəyə qaçışda qızıl medala sahib çıxdı.
14 qızıl medalı 12 idmançımız qazandı. Bunlar üzgüçülükdə Roman Saley (3), Vəli İsrafilov, cüdoda Şahanə Hacıyeva, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli, Dürsədəf Kərimova, nizəatmada Həmid Heydəri, nüvəitələmədə Elvin Astanov, qaçışda Lamiyə Vəliyeva, uzunluğa tullanmada Orxan Aslanovdur.
Yeganə gümüş medalı 100 metr məsafəyə qaçışda Lamiyə Vəliyeva qazandı.
Dörd bürünc medalı qazanan idmançılarımız isə pauerliftinqdə Pərvin Məmmədov, cüdoda Namiq Abbaslı, İlham Zəkiyev və uzunluğa tullanmada Səid Nəcəfzadə oldu.
Azərbaycan ötən Paralimpiya Oyunları ilə müqayisədə möhtəşəm nəticə göstərdi. Medal sayına görə ilk “10-luq”dakı ölkələrdən çox geri qalsaq da, qızıl medalların çoxluğuna görə əla nəticəyə imza atmışıq. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da bu nailiyyətləri diqqətdən kənar qoymayıb, hər gün paralimpiyaçılarımızı təbrik etdi.
Oxu.Az ötən Paralimpiya Oyunlarında göstərdiyimiz nəticələri müqayisə üçün təqdim edir:
Atlanta-1996 – 2 idmançı. 0 medal
Sidney-2000 – 7 idmançı. 1 gümüş medal. 60-cı yer
Afina-2004 – 9 idmançı. 4 medal (2 qızıl, 1 gümüş, 1 bürünc). 45-ci yer
Pekin-2008 – 18 idmançı. 10 medal (2 qızıl, 3 gümüş, 5 bürünc_. 38-ci yer
London-2012 – 21 idmançı. 12 medal (4 qızıl, 5 gümüş, 3 bürünc). 27-ci yer
Rio de Janeyro-2016 – 25 idmançı. 11 medal (1 qızıl, 8 gümüş, 2 bürünc). 48-ci yer
Tokio-2020 – 36 idmançı (2-si – cüdo üzrə Paralimpiya çempionu Ramil Qasımov və taekvondo üzrə dünya və Avropa çempionu Aynur Məmmədova son anda koronavirus səbəbindən iştirak edə bilməyib). 19 medal (14 qızıl, 1 gümüş, 4 bürünc). 9-cu yer.
Qeyd edək ki, bu nəticələrdən sonra Azərbaycanın yeddi Yay Paralimpiya Oyunlarında qazandığı medalların sayı 57-yə çatıb. Bunlardan 23-ü qızıl, 19-u gümüş və 15-i bürünc medaldır.
Səbuhi Musayev