Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanlı alpinist Himalay dağlarında həlak oldu – FOTO + YENİLƏNİB
Murad Aşurlunun qəzaya uğraması xəbəri çox güman ki, doğrudur. Bununla bağlı, federasiyanın prezidenti İsrafil Aşurlu ilə əlaqə saxlamaq istədim, amma zəngimə cavab vermədi. Araşdırıb öyrəndim ki, İsrafil müəllim Himalay dağlarına yollanıb, artıq Nepaldadır. Görünür, yayılan pis xəbər doğrudur.
Oxu.Az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Alpinizm Federasiyasının vitse-prezidenti Saridan Mursaqulov deyib.
Qeyd edək ki, Alpinizm Federasiyasının vitse-prezidenti S.Mursaqulov deyib ki, M.Aşurlu İsrafil Aşurlunun əmisi oğludur.
16:25
Azərbaycanlı alpinist Murad Aşurlu dünən Himalay sıra dağlarının ən məşhur zirvələrindən olan Ama-Dablamdan enərkən (6856 metr) həlak olub.
Oxu.Az “Exo Kavkaz”a istinadən xəbər verir ki, bu barədə Nepal KİV-i məlumat yayıb.
“Oktyabrın 21-də dağdan eniş zamanı alpinistlərdən biri – 42 yaşlı azərbaycanlı Murad Aşurlu itkin düşüb”, - deyə, Nepal KİV-i xəbər yayıb.
Muradın qardaşı – Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu təcili Nepala uçub.
Qeyd edək ki, Murad Azərbaycan Alpinizm Federasiyasının üzvüdür və çox təcrübəli alpinistlərdəndir.
O, 2007-ci ildə Şimali Amerikanın ən yüksək nöqtəsi – Makkinli zirvəsini, 2013-cü ildə isə Everesti fəth edib.
Bununla yanaşı, ixtisaslaşmış forumlarda İsrail Aşurlunun xahişi də yayılıb. O bildirib ki, hazırda Ama-Dablamda davam edən axtarış-xilasetmə əməliyyatı başa çatmayanadək bu xəbəri oxuyanlar Muradı Nepal KİV-in yazdığı kimi ölmüş bilməsinlər.
Rəylər