“Hələ Türkiyəyə getməzdən əvvəl boynum əzilmişdi. Özbək idmançı Firuz Tuxtayevlə güləşəndə həmin zədə özünü büruzə verdi. Buna baxmayaraq, həmin qarşılaşmada 5:1 qalib gəldim”.
Bunu Oxu.Az-a dünya və Avropa çempionu olmuş yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib.
Ötən ayın sonlarında Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vəhbi Əmrə və Hamita Kaplanın xatirəsinə həsr olunan reytinq yarışı keçirilib. Həmin turnirdə 29 yaşlı idmançımız anlaşılmaz vəziyyətin qurbanı olub.
“Yarışda ikinci matçda türkiyəli Əkrəm Öztürklə görüşməyəcəkdim. Hətta akkreditasiya vəsiqəm aparılmışdı ki, güləşə çıxmayacağam. Amma baş məşqçimiz Aleksandr Tarakanov bildirdi ki, çıx güləş, gördün ağrıyırsan, görüşü dayandıraq. Türkiyəli rəqibim Əkrəm Öztürk də mənim zədəli olduğumu bilirdi. Çıxdım, həmin yerdən – boynumdan vurdu, görüşü dayandırdıq (onda hesab 5:0 türkiyəli rəqibin xeyrinə idi – S.M.).
Daha sonra bürünc medal görüşündə hindistanlı rəqiblə güləşməyəcəkdim. Bu dəfə də bizim baş məşqçiyə rusiyalı hakim deyib ki, rəqib də zədələnib, güləşməyə çıxmayacaq. Ona görə də döşəyə çıxdım ki, əlim qaldırılsın və bürünc medalı əldə edim. Ancaq əlimin qaldırılmağına az qalmış hindistanlı güləşçi qaça-qaça gəldi. O da bilib ki, mən zədələnmişəm deyə, zədəli halda güləşməyə gəlib. Onunla cəmi 1 dəqiqə güləşdim, hesab 0:2 olanda mübarizəni dayandırdım. Bu ayın sonu Budapeştdə Avropa çempionatı var deyə, özümü qorumaq istəyirdim. Hətta reytinq yarışı olsa da, çəkimi 55 kq-a salmağa ehtiyac görməmişdim. Ancaq anlaşılmazlıqla üzləşdim”.
Səbuhi Musa