“Əlbəttə ki, Türkiyəyə tamam başqa məqsədlə, çempionluq hədəfi ilə gəlmişdim. Hazırda “Bursaspor”da vəziyyət pisdir, arzuladığımız yerdə deyilik. Mənim üçün bir az çətin oldu. Amma “Bursaspor”un nə qədər böyük klub olduğunu bilirəm. Bu durumdan çıxacağımıza inanırıq”.
Oxu.Az xəbər verir ki, bunu futbol millimizin və Türkiyənin “Bursaspor” klubunun oyunçusu Namiq Ələsgərov “Life Bursa TV”yə müsahibə verib.
O, standard zərbələrdən faydalanmağı və daha çox mərkəz hücumçusu kimi oynamaq istəyini dilə gətirib:
“Bu mövsüm “Kocaelispor”la görüşdə penalti qazandıq, onu mən yerinə yetirdim. Meydanda olduğum matçlarda başqa belə vəziyyət yaranmayıb. Şans düşərsə, dəyərləndirmək istəyərəm. Daha çox sağ cinah hücumçusu kimi çıxış edirəm. Amma ötən mövsüm “Neftçi”də mərkəz hücumçusu mövqeyində oynayırdım. Seçim etmək çətindir. Amma hücumun mərkəzində özümü daha rahat hiss edirəm”.
O, növbəti mövsümü də “Bursaspor”da keçirmək və Türkiyə Super Liqasına vəsiqə qazanmaq istədiyini bildirib:
“Daha uzun illər “Bursaspor”un formasını geyinmək istəyirəm. Burada xoşbəxtəm. İnanırıq ki, bütün problemlərimiz həll olar, gələn mövsüm daha iddialı olarıq. Mən də “Bursaspor”un formasını geyinməkdə davam edərəm”.
Fərdi olaraq komandaya daha çox fayda vermək, qollar vurmaq, assistlər etmək istəyirəm. Komanda olaraq isə hər kəsin bir hədəfi var: aşağı pillələrdən qurtulmaq, mümkün qədər irəliləmək”.