Amerikanın Hyuston şəhərində keçirilən ağır atletika üzrə Dünya çempionatında Qazaxıstan yığmasının aktivində qızıl medal artıb. Onu əvvəllər Azərbaycan bayrağı altında çıxış edən idmançı qazanıb, “Radio Azattık” məlumat yayıb.
Oxu.Az xəbər verir ki, 77 kq çəki kateqoriyasında çıxış edən ağır atletika idmançısı 22 yaşlı Nicat Rəhimov ümumilikdə 372 kq qaldıraraq Dünya çempionu titulunu qazanıb.
Nicat Rəhimov etnik azərbaycanlıdır. 2010-cu ildə o, Azərbaycanın bayrağı altında Sinqapurda gənclər arasında Olimpiadada çıxış edib və qızıl medal qazanıb.
2013-cü ildə gənclər arasında Dünya çempionatında gümüş medal qazanıb. 2014-cü ildə Azərbaycanın Ağır Atletika Federasiyası onu ölkə yığmasının tərkibinə daxil etməyib, bundan sonra idmançı Qazaxıstan vətəndaşlığını qəbul edərək Qazaxıstan bayrağı altında çıxış etməyə başlayıb.
Hyustonda keçirilən ağır atletika üzrə çempionat noyabrın 28-də başa çatacaq.