Tanınmış azərbaycanlı qaydasız döyüşçü Sadiq Kərimov Sankt-Peterburq şəhərində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
İstintaqa görə, 2012-ci ildə S.Kərimov şəxsiyyəti təyin olunmamış şəxslərlə birgə kafedə ölümlə hədələyərək 2 nəfərdən 3 milyon rubl tələb edib. Digər kafedə də onlar başqa şəxslərdən pul tələb edib, sonra isə qanunsuz olaraq BMW markalı avtomobili mənimsəyiblər.
“Rusiya Federasiyası İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə İdarəsi tərəfindən RF CM 163-cü maddəsi ilə şübhəli bilinən Sadiq Kərimov həbs edilib”, - İstintaq Komitəsinin məlumatında bildirilir.
Qeyd edək ki, “Qara canavar” 2012-ci ildə Azərbaycan yığmasının heyətində 74 kq çəki dərəcəsində döyüş sambosu üzrə dünya çempionudur.
O həmçinin qaydasız döyüş üzrə MDB Çempionatının qalibi (2000-ci il), miks-kontakt üzrə Rusiya çempionatının qalibi (2008-ci il), Sankt-Peterburqda Olimpiya döyüş növlərinin qalibidir (2008).