“Builki yarışın ən böyük fərqi yenidən azarkeşləri qəbul etməyimizlə bağlıdır. Ancaq Paddokla bağlı hər hansısa dəyişiklik olmayacaq. Bakı Şəhər Halqası yenə dünyanın ən baxımlı yarış treki olacaq”.
Oxu.Az-ın xəbərinə görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer deyib.
O, tikinti işləri barədə bunları deyib: “Bu yarış həmçinin küçə döyüşçüləri (Street Fighters) adlandırılır. Azərbaycan da mübariz ölkədir. Bu, Azərbaycanın özünü göstərməsi üçün yaxşı bir imkandır. Bu həftədən artıq beton və təhlükəsizlik baryerlərinin quraşdırılmasına başlamışıq. Bu narahatçılığa görə yerli sakinlərdən üzr istəyirik. Bizim yarış şəhərdə keçirildiyindən, iyunun 6-dək tikinti işləri keçiriləcək. Bundan sonra Beynəlxalq Avtomobil Federasiyası trek barədə rəsmi qərarını verəcək”.
Qeyd edək ki, Bakıda “Formula-1” yarışı bu il 10-12 iyunda keçiriləcək.
Səbuhi Musa
FOTO: Sabir Məmmədov