Qadın voleybolçular arasında keçirilən dünya çempionatında iştirak edən Azərbaycan yığması Çinə 0:3 hesabı ilə məğlub olub.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, oyundan sonra hər iki komandanın baş məşqçiləri və kapitanları fikirlərini bildirib.
Aleksandr Çervyakov (Azərbaycan, baş məşqçi):
“Bu oyun bizim üçün çox çətin oldu. Çünki bir gün öncə Yaponiyaya qarşı 5 setlik gərgin matç keçirdiyimizdən, yorğun idik. Fikrimcə, əsas səbəb budu. Çin millisi də güclü rəqibdi və onlar daha hündürboy olduqları üçün blokla yanaşı, “ikinci mərtəbədə” də inamlı təsir bağışladılar”.
Oksana Parxomenko (Azərbaycan, kapitan):
“Yaponiya ilə oyundan sonrakı yorğunluğumuz bu matçda öz təsirini göstərdi. İlk turda saat 20.00-da meydana çıxmışdıq. Çinə qarşı matçımız isə demək olar ki, çox erkən oldu. Görüşə kimi kifayət qədər istirahət edə bilmədik. Düşünürəm ki, Çin yaxşı komandadı və Yaponiyadan daha güclüdü”.
Lanq Pinq (Çin, baş məşqçi):
“Azərbaycan dünya çempionatına yaxşı oyunla start verərək, sürpriz etdi. Bu gün isə biz yaxşı oyun göstərdik. Rəqibin heyətində maraqlı hücumçular və blokçular var. Azərbaycan yığmasının heyətində 17 nömrəli (Polina Rəhimovanı nəzərdə tutur - red) oyunçunu xüsusi qeyd etmək istərdim. Düşünürəm ki, qrupumuz normaldı. Komandamız gənc olduğundan bir qədər təcrübəyə də ehtiyacımız var. Amma hər oyuna yaxşı nəticə üçün çıxacağıq”.
Hui Ruoqi (Çin, kapitan):
“Mən dünya çempionatına ilk dəfə qatılıram. Ardıcıl ikinci matçda qalib gəldiyimiz üçün sevincliyəm. Komandamızın gənc olmasına baxmayaraq, uğur qazanacağımıza inamımız yüksəkdi. Növbəti mərhələyə adlamaq istəyirik. Hazırda yığmada ab-hava əladı. Azərbaycanla oyunda olduğu kimi, hər matçda sona qədər döyüşüb, qalib gəlməyə çalışacağıq”.