ABŞ-nin Nyu-York şəhərində "Nyu-York Niks" basketbol klubunun NBA finalında qələbəsindən sonra baş verən iğtişaşlar zamanı 63 nəfər saxlanılıb.
Oxu.Az "Fox 5" telekanalına istinadən xəbər verir ki, məlumatı Nyu-York polisi təsdiqləyib.
Onminlərlə azarkeş "Madison Square Garden" arenası ətrafında toplaşdıqdan sonra bayram iğtişaşlara çevrilib. Saxlanılan şəxslərə polis əməkdaşlarına hücum, qanunsuz silah saxlama, xuliqanlıq, hökumət orqanlarının fəaliyyətinə mane olma kimi ittihamlar irəli sürülüb.
İğtişaşlar zamanı atəş açılması nəticəsində 17 yaşlı yeniyetmə yaralanıb, daha dörd nəfər bıçaq xəsarətləri alıb. Həmçinin 10 polis əməkdaşı da yaralanıb.
Nyu-York polisinin məlumatına görə, iştirakçılar beş məktəb avtobusunu yandırıb və ya zədələyib, beş polis avtomobilini və bir neçə mülki maşını yararsız hala salıb, fişənglər atıb, küçələri bağlayıb və kütləvi dava-dalaşlara qarışıb.
Milli Basketbol Assosiasiyasında (NBA) "Nyu-York" komandasının 53 ildən sonra qazandığı ilk çempionluqdan sonra küçələrə axışan basketbol azarkeşləri Nyu-Yorkun Tayms-skver meydanında avtobus yandırıblar.
Oxu.Az bildirir ki, bu barədə jurnalist Nik Sortor "X" sosial şəbəkə səhifəsində xəbər verib.
Mənbənin məlumatına görə, azarkeşlər bir neçə məktəb avtobusuna od vurublar.
Xatırladaq ki, "Nyu-York" final seriyasında "San-Antonio"nu 4-1 hesabı ilə məğlub edərək 1973-cü ildən bəri ilk dəfə NBA çempionu olub.