Beynəlxalq Olimpiya Komitəsi (BOK) Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiyaya qarşı sanksiyalarına daxil olmayan hər hansı beynəlxalq idman tədbirində Rusiya və Belarusun dövlət bayraqlarının nümayiş etdirilməməsinə, bu ölkələrin dövlət himninin səsləndirilməməsinə çağırıb.
Bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl BOK bütün idman federasiyalarını Rusiya və Belarus ərazisində planlaşdırılan yarışları ləğv etməyə və ya digər ölkələrə köçürməyə çağırıb.
Qurum bəyanatında öz çağırışını Rusiya və Belarus hökumətləri tərəfindən Olimpiya barışığının pozulması və idmançıların təhlükəsizliyinə biganə yanaşması ilə əsaslandırıb.
Qeyd edək ki, BOK özü Rusiya və Belarusda heç bir yarış keçirməyi planlaşdırmır.