UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki matç keçirilib.
Oxu.Az-ın məlumatına görə, günün qarşılaşmaları İngiltərə və İspaniyada baş tutub.
Turnirin son qalibi “Mançester Siti” doğma azarkeşləri önündə Danimarka təmsilçisi “Kopenhagen”i sınağa çəkib. Rəqibini səfərdə 1:3 hesabı ilə məğlub edən “şəhərlilər” cavab görüşündə də eyni nəticə ilə üstün olublar - 3:1 (6:2).
ÇL-in ən titullu komandası “Real Madrid” də Almaniya “Leypziq”i ilə ev matçına çıxıb. İspaniya nəhəngi səfərdə qazandığı 0:1 hesablı qələbənin sayəsində mərhələ adlayıb. Belə ki, kral klubu doğma azarkeşləri önündə almanlarla sülh bağlayıb - 1:1. Lakin iki oyunun nəticəsinə görə (2:1) məhz “Real” yoluna davam edib.
Qeyd edək ki, daha əvvəl “Bavariya” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.
Rəylər