Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Çempionlar Liqasında son yarımfinalçılar müəyyənləşir: “Liverpul” “Real” səddini keçə biləcəkmi?
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə gerçəkləşəcək iki matçdan sonra yarımfinalın bütün iştirakçıları müəyyənləşəcək.
“Borusiya” – “Mançester Siti” oyunu Dortmund şəhərində keçirilsə də, favorit ilk matçda qələbə qazanmış İngiltərə çempionatının hazırkı lideri sayılır. Üstəlik, qonaqlardan fərqli, meydan sahiblərinin itkiləri daha çoxdur. Yussufa Mukoko, Ceydon Sanço, Marsel Şmeltser, Aksel Vitsel və Dan-Aksel Zaqadu zədə səbəbindən oynaya bilməyəcək. Meydan sahiblərində Mats Humels və Marko Roysun, qonaqlarda isə Serxio Aquero və Emerik Laportun meydana çıxması isə sual altındadır.
Gecənin digər oyunu İngiltərədə “Liverpul”la “Real” arasında olacaq. İngiltərə çempionatında özünə gəlməyə başlayan Yürqen Kloppun yetirmələri bunu Çempionlar Liqasının ən çox qalibi olmuş qonaqlara qarşı da nümayiş etdirməyə çalışacaq. Hər iki komandada nəzərə çarpan itkilər yenə qalmaqdadır. Premyer Liqa təmilçisində Co Qomez, Cordan Henderson, Joel Matip, Divok Oriqi və Vircil van Deyk, qonaqlarda isə Eden Azar, Lukas, Serxio Ramos və Rafael Varan meydana çıxa bilməyəcək. “Liverpul”da Körtis Cons və “Real”da Dani Karvaxalın oynayacağı dəqiq deyil.
Çempionlar Liqası
1/4 final (cavab oyunları)
23:00 “Borusiya” (Dortmund, Almaniya) – “Mançester Siti” (İngiltərə)
İlk oyun – 1:2
23:00 “Liverpul” (İngiltərə) – “Real” (İspaniya)
İlk oyun – 1:3
Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra “Çelsi” (İngiltərə) və PSJ (Fransa) klubları yarımfinala vəsiqə qazanıb.