Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Oxu.Az xəbər verir ki, 1/2 finalın ilk oyununda Avropa Super Liqasında hələ də qalan “Real”la sözügedən turnirin təsisçilərindən biri olmuş, daha sonra həmin yarışdan imtina etmiş “Çelsi” üz-üzə gələcək.
Madriddəki oyun öncəsi “Real”da itkilər hələ də qalmaqdadır. Toni Kroos, Lukas, Ferlan Mendi, Serxio Ramos zədəli, Federiko Valverde isə xəstədir. “Çelsi”də yeganə itki xorvatiyalı dayaq yarımmüdafiəçisi Mateo Kovaçiçin zədəli olması ilə bağlıdır.
“Çelsi” artıq 1/8 finalda İspaniya çempionatının lideri olan Madridin digər klubu “Atletiko”nu mübarizədən kənarlaşdırıb. İndi Tomas Tuxelin komandası turnirin ən çox qalibi “Real”ı devirmək üçün səfərdən minimum heç-heçə ilə qayıtmağa çalışacaq.
Çempionlar Liqası
1/2 final (ilk oyun)
23:00 “Real” (İspaniya) – “Çelsi” (İngiltərə)
Madrid. Alfredo di Stefano adına stadion.
Qeyd edək ki, yarımfinalın digər görüşündə sabah PSJ (Fransa) - “Mançester Siti” (İngiltərə) qarşılaşması keçiriləcək.
Səbuhi Musayev