Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, bugünkü matçlardan sonra 1/8 finala yüksəlmiş daha beş komandanın adı məlum olub.
A qrupunda “Leyptsiq” Belçikada “Brügge”nin daşını daş üstdə qoymayıb – 5:0. Bu nəticə “Mançester Siti” və PSJ-ni vaxtından əvvəl pley-offa çıxarıb. Sözügedən klublar arasındakı görüş isə ingilislərin qələbəsi ilə yekunlaşıb – 2:1.
B qrupunda növbəti mərhələyə vəsiqəni ötən turdan təmin etmiş “Liverpul” doğma meydanda “Portu”ya qalib gəlib – 2:0. Digər qarşılaşmada isə “Milan” səfərdə “Atletiko”dan güclü olub – 1:0. Bu nəticələrdən sonra pley-offa ikinci vəsiqənin taleyi son tura qalıb.
C qrupunda “Ayaks”dan sonra pley-offa yüksələn ikinci komanda “Sportinq” olub. Evdə “Borussiya”nı (Dortmund) iki top fərqi ilə məğlub edən Lissabon təmsilçisi adını 1/8 finala yazdırıb. Dortmundlular isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcəklər.
D qrupunda da 1/8 finalçılar bəlli olub. Moldovada “Şerif” üzərində böyükhesablı qələbə qazanan “Real Madrid” özü ilə yanaşı, “İnter”i də növbəti mərhələyə daşıyıb. Tiraspol klubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
V tur
A qrupu
“Brügge” (Belçika) – “Leyptsiq” (Almaniya) - 0:5
Qollar: Kristofer Nkunku, 12; 90+3. Emil Forsberq, 17 (pen.); 45+1. Andre Silva, 26
“Mançester Siti” (İngiltərə) - PSJ (Fransa) - 2:1
Qollar: Rahim Sterlinq, 63. Qabriel Jezus, 76 - Kilian Mbappe, 50