İspaniyanın daha bir təmsilçisi UEFA Çempionlar Liqasında yarımfinala vəsiqə qazanıb.
"Real Madrid" evdə turnirin son qalibi olan İngiltərənin "Çelsi" klubuna 2:3 hesabı ilə uduzsa da, ilk matçdakı qələbə (3:1) sayəsində adını növbəti mərhələyə yazdırıb.
Oyuna istədiyi kimi başlaya bilməyən "kral klubu" 15-ci dəqiqədə Meyson Mauntun vurduğu qolla məğlub duruma düşüb. 51-ci dəqiqədə Antonio Rüdiger hesab arasındakı fərqi artırıb. 67-ci dəqiqədə Markos Alonso meydan sahiblərini 3-cü dəfə məyus etsə də, VAR-ın müdaxiləsindən sonra topun ələ dəydiyi məlum olub və qol ləğv edilib. Buna baxmayaraq, qonaqlar 75-ci dəqiqədə 3-cü topu Madrid təmsilçisininin qapısından keçirib. "Çelsi"nin heyətində Timo Verner fərqlənib. 80-ci dəqiqədə Rodriqo buraxılan toplardan birinin əvəzini çıxıb və oyunu əlavə vaxta daşıyıb. 96-cı dəqiqədə səhnəyə çıxan Kərim Benzema isə komandasını yarımfinala yüksəldən qola imza atıb. "Real Madrid"in finala gedən yolda rəqibi "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə) görüşünün qalibi olacaq.
Daha əvvəl İspaniyanın digər təmsilçisi "Vilyarreal" növbəti mərhələyə adlayıb.