"Barselona", "Yuventus", PSJ və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveş həyat yoldaşı Joana Sansdan boşanır.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Xavi Oyos Joana Sansla söhbətindən sonra sosial şəbəkə hesablarında məlumat yayıb.
Cütlük 2017-ci ildə ailə qurub. 2025-ci ilin oktyabrında onların Xuletta adlı qızları dünyaya gəlib.
Xavi Oyosun məlumatına görə, boşanma təşəbbüsü Joana Sansdan gəlib. Buna səbəb 43 yaşlı braziliyalı futbolçunun dinə həddindən artıq maraq göstərməsi və nəticədə ailəsinə əvvəlki kimi vaxt ayırmaması olub.
Jurnalist Joana Sansla söhbətini belə şərh edib:
"Joana Sans və Dani Alveş hazırda boşanma prosesindədirlər. Bu barədə məlumat aldıqdan sonra Joana ilə əlaqə saxladım və o, səbəbləri mənə izah etdi.
Son vaxtlar hamımız Dani Alveşin təbliğatçı kimi çıxış etdiyi videoları görmüşük. Görünür, hazırda o, dünyanı gəzərək yevangelist inancı haqqında moizələr oxuyur və mühazirələr verir.
Joananın mənə izah etdiyinə görə, bu, onun Dani və qızları ilə münasibətlərinin soyumasına səbəb olub. İndi isə o, özünü tənha hiss edir".