“Xəyalımın gerçəkləşməsinə, gördüyüm gözəlliyə görə sevinirəm. Özümü kosmosda olmuş kimi hiss edirəm”.
Bunu Oxu.Az saytına açıqlamasında dünyanın ən yüksək zirvəsini - Everesti (8849 m) fəth edən ilk azərbaycanlı qadın Elmira Aslanova deyib.
O bildirib ki, uzunmüddətli xəyalını reallaşdırıb:
“Təxminən 4 il bu barədə xəyal etdim. Amma mənə elə gəlirdi ki, bu fikir real deyil. Ən çətini ekspedisiya üçün pul tapmaq idi. Sponsorlar tapmağa çalışdım, amma alınmadı. Axırda qardaşlarım kömək etdilər”.
E.Aslanova Everestə qalxarkən üzləşdiyi çətinliklərdən bəhs edib. Onun sözlərinə görə, orada insanların tez-tez ölməsini görmək çox ağır olub:
“Everestdə insanlar tez-tez ölür. Bunu görmək mənəvi cəhətdən çox ağırdır. Bəzən o qədər çətin olurdu ki, niyə bunu etdiyimi anlamırdım. Üstəlik mən ekspedisiya zamanı xəstələndim. Bununla belə, dırmaşmağa davam etmək lazım idi. Şadam ki, bunu başa çatdıra bildim”.
Aslanova alpinizmlə bağlı gələcək planları barədə danışmaq üçün hələ tez olduğunu söyləyib.
Faiq Tahirov