“Stolüstü tennis üzrə Azərbaycan çempionatı ölkə səviyyəsində vacib turnirdir”.
Bunu Oxu.Az-a Azərbaycan Stolüstü Tennis Federasiyasının yeni vitse-prezidenti Elmar İslam deyib.
Elmar İslam bərpa olunmuş Azərbaycan çempionatı haqqında danışıb:
“Məlum səbəbdən yarış dondurulmuşdu. Amma yaman günün ömrü az olar. Bugündən etibarən ölkə birinciliyi bərpa olundu. Yarış 19 fevralda başa çatacaq. Bu ildən silsilə yarışlara start verməyi düşünürük”.
O daha sonra daha əvvəl Şərqi Asiyadan milliləşdirilmiş legionerlərin xidmətindən yenə istifadə ediləcəyini bildirib: “Onlar Azərbaycan çempionatında çıxış etməsə də, həmin legionerlərlə əməkdaşlığımız davam edir. Onlar beynəlxalq yarışlar zamanı millimizə kömək edəcək”.
Qeyd edək ki, dekabrın 27-də Baş nazirin müavini Şahin Mustafayev növbəti dəfə Stolüstü Tennis Federasiyasına prezident seçilib.
Səbuhi Musa